ELM VƏ TƏHSİL
Bu il AzTU-ya müxtəlif ixtisaslar üzrə 2 min 3 nəfər qəbul olunub
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin bu təhsil müəssisəsindəki büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan nailiyyətlərdən danışan rektor qeyd edib ki, bu il AzTU-ya müxtəlif ixtisaslar üzrə 2 min 3 nəfər qəbul olunub.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov və digər çıxış edənlər tələbələri təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.
Bu il qəbul imtahanlarında 626 bal toplayaraq universitetə qəbul olunan Günel Babanlı tələbələr adından çıxış edərək gənc nəslin inkişafına və təhsilinə göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Valideynlər adından çıxış edən Əsəd Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi böyük diqqət və qayğıdan bəhs edib.
Bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq AzTU-ya qəbul olunmuş gənclərə tələbə biletləri və hədiyyələr təqdim olunub.