ELM VƏ TƏHSİL


Bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 1.904 gənc məzun olub

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Məzun günü” qeyd edilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Hüseynbala Mirələmov, universitetin İctimai Etimad Şurasının üzvləri, müəllim və tələbələr iştirak ediblər.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı universiteti bitirən gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Bu il universitetdə 1.904 tələbənin məzun olduğunu deyən rektor 2016-2017-ci tədris ilində 190 bakalavr və 168 magistrantın universiteti fərqlənmə diplomu ilə bitirdiyini qeyd edib. Rektor, həmçinin bu il ADNSU-nun tələbəsi Rüfət Manquşovun 4 illik bakalavr təhsilini 3 ildə başa vurduğunu bildirib.

M.Babanlı deyib: “2017-2018-ci tədris ili üçün ADNSU-nun magistratura səviyyəsinə 526 nəfər qəbul olunub və universitetin ayırdığı plan yerlərinin 92,6 faizi dolub. Bu, universitetin tarixində ən yüksək göstəricidir. Buna görə müəllimlərimizə minnətdarlığımı bildirirəm”.

Məzunları təbrik edən A.Əsgərov onlara gələcəkdə uğurlar arzulayıb. Bu ali məktəbin hər zaman keyfiyyətli təhsili ilə fərqləndiyini deyən A.Əsgərov ADNSU-nun məzunlarının müxtəlif sahələrdə böyük uğurlar qazandığını bildirib.

M.İbrahimqızı məzunları təbrik edib, müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, Ulu Öndərin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

H.Mirələmov ADNSU-nun məzunlarını təbrik edib, onlara universitetin adını daim uca tutmağı tövsiyə edib.

Daha sonra universiteti “əla” qiymətlərlə bitirən tələbələrə fərqlənmə diplomları və xatirə hədiyyələri təqdim edilib. Ən yaxşı məzunların adı rəmzi kötüyə həkk olunub.

Tədbir universitetin “Gənclik” mahnı və rəqs ansamblının və tanınmış müğənnilərin çıxışı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.