CƏMİYYƏT
Bu il Azərbaycan Tibb Universitetinə xarici ölkələrdən tələbə qəbulu rekord səviyyədə olub
Bakı, 20 sentyabr, AZƏRTAC
Bu il Azərbaycan Tibb Universitetinə (ATU) xarici ölkələrdən tələbə qəbulu rekord səviyyədə olub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, artıq hazırlıq şöbəsinə təxminən 300 nəfər, birbaşa I kursa 30 nəfər, rezidenturaya 10 nəfər, magistraturaya isə 1 nəfər qəbul olub.
ATU-nun xarici tələbələrlə iş üzrə dekanı İsmayıl Əfəndiyevin sözlərinə görə, əcnəbi tələbələrin universitetə maraq göstərməsi bu təhsil ocağının dünyada olan hörmətindən irəli gəlir: “Görülən işlər nəticəsində İraq dövləti rəsmi olaraq ATU-nun diplomunu tanıyır. Həmin iş İran, Türkiyə və s. ölkələrdə də gedir. Bu istiqamətdə də biz bir sıra nailiyyətlərə müvəffəq olmuşuq. Nəinki qonşu ölkələrdə, həmçinin iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə, məsələn, ABŞ, İsveçrə, Finlandiyadan bizə bu il artıq tələbələr qəbul olub”.
İ.Əfəndiyev, həmçinin qeyd edib ki, bu işdə ATU-nun üzərinə böyük məsuliyyət düşür: “Xarici tələbələrin çoxu ingilis dilində təhsil alır. Biz də bu məsuliyyəti dərk edərək universitetin əməkdaşları üçün xarici dillər kafedrasında xüsusi dil təkmilləşdirmə kursları təşkil etmişik”.
Qeyd edək ki, Təhsil Nazirliyinin icazəsi ilə I kursa xarici tələbələrin qəbulu sentyabr ayının 30-na kimi davam edəcək. Sənədlərin qəbulu üçün notarial qaydada möhür vurulmuş xaricdə olan təhsil sənədi, qüvvədə olan xarici pasport və bəzi ölkə səfirliklərindən alınan müəyyən sənədlər tələb olunur.