ELM VƏ TƏHSİL
Bu il Azərbaycan Universitetini 327 məzun bitirmişdir VİDEO
Bakı, 30 iyun (AZƏRTAC, Pərvanə İmanova). İyunun 30-da Azərbaycan Universitetinin 20-ci buraxılışı münasibətilə məzun günü keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən mərasimdə əvvəlcə dövlət himni səsləndirilmişdir.
Tədbiri bu ali təhsil müəssisəsinin rektoru Eldar Qəhrəmanov açaraq məzunları təbrik etmiş, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elmə, təhsilə və gənclərin inkişafına göstərilən diqqət və qayğıdan söhbət açmışdır.
Respublikamızda təhsilin inkişafında həyata keçirilən islahatların əhəmiyyətini xüsusilə vurğulayan rektor universitetin fəaliyyəti, təhsil sistemi, uğurları və beynəlxalq əlaqələri haqqında da ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, müxtəlif sahələr üzrə ixtisaslı kadrlar hazırlayan Azərbaycan Universiteti ölkəmizin müvafiq dövlət qurumları, yerli və beynəlxalq təhsil ocaqları, bir sıra təşkilatlar ilə sıx əməkdaşlıq edir. Bu il Azərbaycan Universitetini 20 ixtisas üzrə 278 bakalavriat və 49 magistratura proqramlarında olmaqla 327 məzun bitirmişdir.
Tədbirdə Təhsil Nazirliyinin müşaviri Samir Vəliyev, Vergilər Nazirliyinin müşaviri Ələkbər Məmmədov, Milli Məclisin deputatı Vahid Əhmədov, “Synergy Group”un nümayəndəsi Elşad Nuriyev çıxış edərək müstəqil həyata vəsiqə qazanmış məzunları təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Tədbirdə universiteti fərqlənmə ilə bitirən məzunlara diplomlar verilmişdir.
Məzunlar müasir standartlara cavab verən ali təhsil ocağında yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə universitetin rəhbərliyinə, müəllimlərinə minnətdarlıqlarını bildirmiş, onların etimadını doğruldacaqlarına, doğma ali məktəbin adını həmişə uca tutacaqlarına söz vermişlər.
Mərasimdə bu ali məktəb tərəfindən təsis edilmiş “Azərbaycan Universitetinin dostu” mükafatının təqdimatı da olmuşdur.
Mükafata layiq görülənlər sırasında Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) də vardır.
Ənənəvi məzun günü bədii hissə ilə davam etmişdir.
Universitetin fəaliyyətini əks etdirən video və slaydlar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.