MƏDƏNİYYƏT
Bu il Azərbaycan kinematoqrafiyası üçün uğurlu olub
Bakı, 19 dekabr, Türkan Abdullayeva, AZƏRTAC
Dekabrın 19-da Nizami Kino Mərkəzində bu il kinematoqrafiya sahəsində görülmüş işlər və qarşıda duran məsələlərlə bağlı mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, “Salnamə” sənədli filmlər studiyasının direktoru Nazim Hüseynov, “Yaddaş” studiyasının direktoru Cavid İmamverdiyev, “Azanfilm” studiyasının direktoru Fariz Əhmədov rəhbərlik etdikləri studiyaların istehsalı başa çatdırılan, hazırda çəkilişləri davam etdirilən və gələn il çəkiləcək ekran əsərləri, yeni müsabiqələr və beynəlxalq təlim layihələri, filmlərimizin beynəlxalq kinofestivallarda iştirakı haqqında məlumat veriblər.
Bildirilib ki, cari il kino sahəsi üçün uğurlu olub. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının çəkdiyi filmlər 50-dən çox beynəlxalq film festivallarında iştirak edib, müxtəlif nominasiyalar üzrə mükafatlar qazanıb. Həmçinin ilk dəfə olaraq Qarabağ mövzusundan bəhs edən “Nabat” filmi beynəlxalq festivala qatılıb.
Bu il “Qisas almadan ölmə. Keçmişdən məktublar”, “Nabat”, “Axırıncı dayanacaq” filmlərinin premyerası olub. Bu gün isə “Axınla aşağı” filmi təqdim ediləcək. Eyni zamanda “Sonuncu”, “İnikas”, “Çempion” və digər sənədli filmlər istehsal olunub. “Qırmızı bağ”, “Əsgərin şücaəti”, “Dəyərli adlar”, “İçəri şəhər”, “Xeyir ilə Şərin rəqsi” bədii filmləri, “Motivlər” kinoalmanaxı tamamlanmaq üzrədir. “Qara Bağ” filmi isə bu il istehsala buraxılıb.
Həmçinin cari ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yenidən qurulması ilə bağlı konseptual layihə başa çatıb.
Məlumat verilib ki, “Azanfilm” studiyası bu il 3 animasiya filmini - “Gəlin birlikdə öyrənək”, “Köhnə saat”, “Ən güclü kimdir?” filmlərini təhvil verib. Studiyada animasiya filmləri ilə yanaşı dörd sənədli film də istehsal olunub.
Yaradıcılıq baxımından bu il “Salnamə” studiyası üçün də uğurlu olub. Studiyada dövlət sifarişi ilə “Cırtdan və sehirli xalat” animasiya filmi, “Naxçıvan.az”, “Naftalan. Neft fenomeni” və digər sənədli filmlər çəkilib.
“Yaddaş” studiyasında bu il milli qəhrəmanlara həsr olunmuş 15 sənədli film istehsal edilib.
Bakıda Beynəlxalq Turizm və Bakı Beynəlxalq İdman filmləri festivalları keçirilib.