CƏMİYYƏT
Bu il Azərbaycanda 283 nəfər İİV-ə yoluxub
Bakı, 26 iyul, AZƏRTAC
Səhiyyə Nazirliyinin məlumatına əsasən, bu ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxduğu yeni aşkar olunan insanların sayı 283 nəfər təşkil edib ki, onlardan 276-sı Azərbaycan vətəndaşı, 7-si isə əcnəbilərdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bu ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumatında bildirilib. Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2016-cı il iyulun 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5912 nəfər qeydiyyata götürülüb ki, onlardan 5714-ü Azərbaycan vətəndaşı, 190-ı isə əcnəbidir. İİV-ə yoluxmuş insanların 4406-sı kişi, 1506-sı qadındır.
İİV-ə yoluxması təsdiq olunmuş 5912 nəfərdən 2865-də yoluxma inyeksion narkotik istifadəsi (İNİ) nəticəsində baş verib. Onlardan 2122-si dispanser qeydiyyatındadır. Bu ilin 6 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 11715 nəfər keçib. Onlardan 478 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 243 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülüb. Ötən 6 ayda 1321 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 573-ü “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 748 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicəyə qəbul edilib. Eyni zamanda, metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 180 xəstə müalicə alır.