İQTİSADİYYAT


Bu il Azərbaycandan Qazaxıstana bir çox məhsulların ixracı artırılacaq

ASTANA, 15 may, АZƏRTAC

AZPROMO-nun təşkilatçılığı ilə Qazaxıstanın Astana və Almatı şəhərlərinə 8-ci ixrac missiyasının nəticəsi olaraq bu ölkəyə Azərbaycan məhsullarının ixracı artırılacaq. 19 yerli şirkətin nümayəndəsi Almatı və Astanada ixrac imkanlarına dair ikitərəfli görüşlərdə bir sıra müqavilələr imzalayıblar. Danışıqlar zamanı Qazaxıstan şirkətləri Azərbaycan istehsalı olan şərab və spirtli içkilərə, meyvə-tərəvəz məhsullarına, tikinti materiallarına və Naftalan neftinə xüsusi maraq göstəriblər.

Artıq Naftalan mazlarının istehsalı ilə məşğul olan yerli şirkətlə Qazaxıstan tərəfi ilkin anlaşma əldə edib.

Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının verdiyi məlumata görə narın ölkə daxilində emalı ilə yanaşı ixracı da artır. İxracatçılar Aktauda yaradılan logistika mərkəzindən istifadə etməklə Qazaxıstana və Çinə ixracı genişləndirmək niyyətindədir.

Nar istehsalı ilə məşğul olan şirkətlər tərəfindən də bununla bağlı bir sıra müqavilələr imzalanıb.

Azərbaycanla Qazaxıstanın son vaxtlar sıx əlaqələri olduğuna görə, bu ölkəyə məhsul ixracı artıb. Ötən il ixrac edilən məhsulların həcmi 200-300 ton təşkil edib. Bu il Qazaxıstana nar ixracının artırılacağı gözlənilir.

Astanada keçirilən görüşlərdə Azərbaycanın “Mars FK” və “D-Fruits” şirkəti ilə Qazaxıstanın "Best Fruit Plus" şirkəti arasında Azərbaycanda istehsal olunan meyvələrin Qazaxıstana ixracına dair ilkin razılaşma əldə olunub.

Bundan əlavə, "Caspi Marine Technologies" Azərbaycan şirkəti Qazaxıstana 5 ton sənaye boyasının ixracına dair sifariş alıb və əməkdaşlığın genişləndirilməsi üçün danışıqlara başlanılıb.

“Lənkəran Mexanikləşdirmə” MMC istehsal etdiyi yüksək keyfiyyətli müasir istilik sistemləri avadanlıqları ilə bağlı Qazaxıstan yerli satış şirkətləri ilə danışıqlar aparılıb və məhsul ixracına dair müvafiq razılaşmalar əldə olunub.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.