ELM VƏ TƏHSİL
BDU-da Bilik günü və 2014/2015-ci tədris ilinin başlanması münasibətilə təntənəli tədbir olub
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov müdrik rəhbər, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin təhsilin inkişafına xüsusi önəm verdiyini, Ümummilli Liderin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini diqqətə çatdırıb.
Rektor Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayıb.
Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu böyük qürur hissi ilə xatırladan akademik A.Məhərrəmov gəncləri vətənpərvərliyə, təhsildə yüksək nailiyyətlər qazanmağa çağırıb.
Bakı Dövlət Universitetinin tarixi, inkişaf mərhələləri, burada qazanılan nailiyyətlər barədə məlumat verən rektor bildirib ki, bu il BDU-ya bakalavriat pilləsi üzrə 4 min 269 nəfər qəbul olunub. Onlardan 226 nəfəri qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb.
Universitetdə “SABAH” qruplarına 10 ixtisas üzrə 200–dən çox tələbə qəbul olunub. Magistratura pilləsi üzrə 190 ixtisaslaşma üzrə 6 yüz nəfər qəbul edilib.
Akademik A.Məhərrəmov Bilik günü münasibətilə professor-müəllim heyətini və tələbələri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi böyük diqqət və qayğıdan bəhs edib.
Çıxış edən tələbələr gənclərə və onların təhsilinə göstərilən böyük qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Akademik Abel Məhərrəmov bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq BDU-ya qəbul olunmuş gənclərə tələbə biletlərini, universitetin tarixini əks etdirən bukletləri təqdim edib.
Sonra Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində Elmi kitabxananın filialı, fizika fakültəsində bir neçə elmi-tədqiqat və tədris laboratoriyaları, biologiya fakültəsində “Qızıl fond” adlandırılan herbari fondu istifadəyə verilib.