ELM VƏ TƏHSİL
Bu il Bakı Dövlət Universitetini dörd minədək gənc bitirib
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Bakı Dövlət Universitetində (BDU) 2016-2017-ci tədris ilinin məzunları ilə təntənəli görüş olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə beynəlxalq tələbə himni olan “Qaudames” səsləndirilib və məzunlar “Universitetim” şeirini söyləyiblər.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbdə elmin, təhsilin inkişafı istiqamətində reallaşdırılan layihələrdən, qazanılan uğurlardan danışıb.
Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayan rektor Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Akademik A.Məhərrəmov dahi rəhbər Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru olduğunu sonsuz qürur hissi ilə xatırladıb.
Qeyd olunub ki, bu il BDU-nu dörd minədək tələbə bitirir, onlardan təxminən dörd yüzü fərqlənmə diplomuna layiq görülüb.
Rektor vurğulayıb ki, BDU-nun məzunu olmaq həm çox şərəflidir, həm də çox məsuliyyətlidir.
Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışan akademik A.Məhərrəmov respublikamızın sürətlə inkişaf etdiyini, dünya ölkələri arasında nüfuzunun daha da yüksəldiyini bildirib, gəncləri vətənpərvərliyə çağırıb.
Təhsildə yüksək nəticələr əldə edən tələbələrə fərqlənmə diplomları təqdim olunub.
Digər çıxış edənlər də məzunları təbrik edib, uğurlar arzulayıblar.
Tədbir maraqlı konsert proqramı ilə başa çatıb.