ELM VƏ TƏHSİL
Bu il Bakının 132-134 nömrəli təhsil kompleksini 85 şagird bitirmişdir VİDEO
Bakı, 30 may (AZƏRTAC). Bakının 132-134 nömrəli təhsil kompleksində təntənəli son zəng mərasimi təşkil olunmuşdur.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə kompleksin müdiri, Əməkdar Müəllim Sara Xanlarova 150 yaşlı, böyük ənənələrə malik bu təhsil kompleksində hazırda 80 sinifdə 2200 şagirdin təhsil aldığını bildirmişdir. Qeyd etmişdir ki, bu il məktəbi 85 məzun bitirir. Məzunlardan 10-u qızıl medala namizəddir.
Vurğulanmışdır ki, Səbail rayonu ərazindəki bütün məktəblərdə ənənəvi son zəng tədbirləri təntənəli şəkildə qeyd olunur.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov məzunları təbrik edərək, ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsinə göstərilən diqqətdən danışmışdır. Bildirilmişdir ki, ümumilikdə, rayondakı 18 orta məktəbdə 20 min 919 şagird təhsil alır. Onların 1350-si məzundur.
Müəllimlər, valideynlər və qonaqlar məzunlara ürək sözlərini çatdırmış, onlara müstəqil həyatda daha böyük nailiyyətlər arzulamışlar.
Tədbir məktəblilərin musiqili bədii proqramla davam etmişdir. Sonra son zəng çalınmışdır.