REGİONLAR
Bu il Balakəndə quru tütün istehsalının 250 tona çatacağı gözlənilir
Balakən, 24 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Cari ildə Balakən rayonunun təsərrüfatlarında 528 hektar sahədə tütün əkilib. Əkin sahələri əvvəlki illə müqayisədə 27 hektar artırılıb. Hazırda təsərrüfatlarda tütün yığımının qızğın çağıdır. Balakənli fermerlər bu günədək emal müəssisəsinə 617 ton “Virciniya” növlü yaşıl tütün kütləsi təhvil veriblər. Bundan əlavə, fermerlər indiyədək 25,5 ton quru tütün də istehsal ediblər.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib. Builki mövsümdə rayonda quru tütün istehsalının 250 tona çatdırılması nəzərdə tutulur. Hazırda tütünçülük sahəsində 1400 nəfərdən çox mövsümi işçi çalışır.
Talalar kəndindən olan fermer Nurlan Əhmədov bu il həmkəndliləri ilə birlikdə 39 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkib. Əkin sahəsi ötən illə müqayisədə 11 hektar genişləndirilib. İndiyədək sahələrdən 130 ton yaşıl tütün kütləsi yığılıb. İstehsalçılar mövsümün sonunadək sahələrdən daha 200 ton yaşıl tütün toplamağı düşünürlər.
Püştətala kəndindən olan fermer Şamsu Bayramova da rayonda iri tütün istehsalçılarından hesab olunur. Fermer AZƏRTAC-a bildirib ki, ötən il 7 hektar sahədə “Virciniya” növlü ətirli tütün yetişdirib, 100 tona yaxın yaşıl tütün əldə edib. Dövlətin dəstəyindən ruhlanan fermer builki mövsümdə əkin sahələrini artıraraq 33 hektara çatdırıb. O, bu günədək emal müəssisəsinə 60 ton “Virciniya” növlü yaşıl tütün kütləsi təhvil verib. Mövsümün sonunadək məhsul istehsalının 200 tona çatacağı gözlənilir.
Rayonda tütün yığımı davam edir.