REGİONLAR
Bu il Bərdə rayonunda 20 subartezian quyusu qazılacaq
Bərdə, 27 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayonunda əkin və həyətyanı torpaq sahələrinin su ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər 2015-ci ildə də davam etdiriləcək.
Bərdə Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2014-cü il 25 dekabr tarixli Sərəncamına əsasən, bu il rayonun kəndlərində 20 yeni subartezian quyusu qazılacaq.
Artıq Bala Qacar, Soğanverdilər, Əmirli, Xanərəb, Samuxlu, Əliyanlı, Kətəlparaq, Şirvanlı, Hüseynbəyli, Şahvəlilər, Xanağalı, Mirzəcəfərli, Cəyirli, Hacallı, Qazıqurdalı, Qaradəmirçi kəndlərində qazılacaq quyuların yerləri müəyyənləşdirilib və layihələndirmə işləri aparılıb. Tezliklə quyuların qazılmasına başlanılacaq.
Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ötən il Yuxarı Qarabağ kanalının maşın qolunun tikintisi, qrunt sularının səviyyəsinin aşağı salınması, suvarma kanallarında lildəntəmizləmə işləri davam etdirilib. Dövlətimizin başçısının 2014-cü il yanvarın 29-da imzaladığı digər Sərəncama əsasən, rayonun kəndlərində 19 subartezian quyusu qazılıb.