REGİONLAR
Bu il Cəlilabadda süni mayalanma yolu ilə 1727 baş cins buzov alınıb
Cəlilabad, 20 noyabr, AZƏRTAC
Cəlilabad rayonunun heyvandarlıq təsərrüfatlarında süni mayalama yolu ilə iribuynuzlu mal-qaranın cins tərkibi yaxşılaşdırılır.
AZƏRTAC xəbər verir ki, rayonda heyvandarlıq məhsullarının istehsalının artmasına zəmin yaradan və cins maldarlığın inkişafı məqsədilə vaxtaşırı mal-qaranın süni mayalanması həyata keçirilir. Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri və əldə edilən yüksək nəticələr heyvandarlıqla məşğul olan fermerlərin süni mayalanmaya olan marağını artırıb.
Bu ilin əvvəlindən rayonda fəaliyyət göstərən 14 süni mayalama texniki tərəfindən 2 min 235 baş inək və düyənin süni yolla mayalandırılması nəticəsində 1727 baş sağlam cins buzov alınıb. Bu, ötənilki göstəricədən 304 baş çoxdur.
Təsərrüfat rəhbərləri süni mayalanma yolu ilə yanaşı, xarici ölkələrdən də mal-qara alıb heyvanların cins tərkibini yaxşılaşdırırlar.
Görülən tədbirlər nəticəsində rayonda mal-qaranın cins tərkibi xeyli yaxşılaşıb, ət və süd məhsullarının istehsalı artıb.