REGİONLAR


Bu il Gəncə Avtomobil Zavodunun məhsulları ilk dəfə xaricə ixrac olunub VİDEO

A+ A

Gəncə, 14 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Bu il Gəncə Avtomobil Zavodunun məhsulları ilk dəfə xaricə ixrac olunub.

Zavodun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov AZƏRTAC-a bildirib ki, istehsal sahələrinin əsasını kənd təsərrüfatı texnikalarının yığımı təşkil edən müəssisə əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də müxtəlif adda və modellərdə texnikaların yığımını davam etdirib. Cari ildə müəssisədə 703 ədəd müxtəlif modeldə traktor, 119 ədəd müxtəlif modeldə “MAZ”, 100 ədəd “KamAZ”, 167 ədəd “URAL” avtomobilləri yığılaraq istifadəyə verilib. Bu müddətdə həm də 142 ədəd qoşqulu su çəni, traktor üçün 6 ədəd kotan, 5 ədəd DEM modeldə ekskavator yığılıb.

Gəncə Avtomobil Zavodunun gələcək inkişaf perspektivləri haqqında danışan Məqsəd Rəhimov deyib ki, müəssisənin yüksəkixtisaslı, peşəkar işçi heyətinə malik olması zavodda mürəkkəb layihələri uğurla icra etməyə imkan verir. Ona görə də zavod hər il olduğu kimi, 2017-ci ildə də “MAZ”, “KamAZ”, “URAL” avtomobillərinin yığımını davam etdirəcək. Həmçinin yeni ideyalar, layihələr və istehsal sahələri haqqında da düşünüləcək.

Bildirilib ki, müəssisədə istehsal xətlərinin sıxlığı nəzərə alınaraq, 30 min kvadratmetr sahədə yeni istehsal sahəsi yaradılır. Ən müasir avadanlıqlarla təchiz olunan və texnoloji xətlərin quraşdırıldığı istehsal sahəsində müasir avtobusların yığımı nəzərdə tutulur. Zavodda yeni istehsal xəttinin işə düşməsi ilə daha 150 nəfər işlə təmin ediləcək.

Məqsəd Rəhimov qeyd edib ki, Gəncə Avtomobil Zavodu istehsal gücünü daha da artırmaq üçün məhsullarının xarici bazarlara çıxarılması istiqamətində fəal iş aparır. Bu məqsədlə müəssisənin servis və marketinq şöbəsi ixrac imkanları üçün bazar araşdırmalarını davam etdirir. Aparılan danışıqların nəticəsi olaraq cari ildə Gürcüstana 11 traktorun satışı həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.