REGİONLAR


Bu il Göyçayda 5 tondan çox barama tədarükü gözlənilir

Göyçay, 4 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, bölgələrdə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, o cümlədən baramaçılığın inkişafı istiqamətində zəruri tədbirlər görülür. Ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı təşəbbüslərə Göyçay kümçüləri da həvəslə qoşulublar. Şəxsi təsərrüfatlarında ipəkqurdu yetişdirən kəndlilər dünəndən barama tədarükünə başlayıblar.

Göyçay Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu il Qax Damazlıq Baramaçılıq Stansiyasından inkubasiya olunmuş 1900 qram ipəkqurdu toxumu 100 qutuda Göyçaya gətirilərək 44 kümçü arasında paylanıb. Bu da əvvəlki ildəkindən 3 dəfə çoxdur. Kəndlilər keyfiyyətli barama məhsulu əldə etmək üçün ipəkqurdunu lazımi qədər tut yarpağı ilə təmin ediblər. Hazırda kümçülər yetişdirdikləri məhsulu “Şəki İpək” ASC-nin nümayəndələrinə təhvil verirlər. Dünən Göyçay kümçüləri ilk olaraq 504 kiloqram barama tədarük ediblər. Bu il rayonda 5 tondan çox barama tədarük olunacağı gözlənilir.

Ötən il Çindən Göyçaya gətirilən 40 min ədəd tut tingi 4 hektar əraziyə əkilib. Həmçinin Göyçayda baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə yerli sakinlərin təşəbbüsü, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə əlavə olaraq 24 kənddə 12 hektar sahədə yeni tut bağı salınıb. Həmin bağlara, ümumilikdə, 10 min ədəd yerli tut tingi əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.