REGİONLAR
Bu il İmişlidə 17 min 750 hektar sahədə pambıq əkiləcək
İmişli, 21 aprel, Mahir Babayev, AZƏRTAC
İmişlidə 2017-ci ilin birinci rübündə iqtisadiyyatın əsas sahələri üzrə 225 milyon manatlıq məhsul istehsal edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə rayonda keçirilən hesabat yığıncağında məlumat verilib.
Cari ilin üç ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda bildirilib ki, istehsal olunan məhsulun və ya görülən işin 60,5 faizi sənayenin, 17,7 faizi kənd təsərrüfatının, 5 faizi tikintinin, qalanı isə ticarət, rabitə və nəqliyyat xidmətlərinin payına düşüb.
Qeyd olunub ki, hesabat dövründə rayonda tikinti-abadlıq və quruculuq işləri davam etdirilib, 78 min manatlıq abadlıq işləri aparılıb. Şəhərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 6 mərtəbəli 54 mənzilli yaşayış binasının, rayon məhkəməsinin, kənd təsərrüfatı ərazi idarəsinin inzibati binalarının tikintisi başa çatıb, “Azərişıq” ASC-nin elektrik şəbəkəsinin və “ASAN xidmət” mərkəzinin inzibati binalarının tikintisi davam etdirilib. Şəhərdəki Heydər Əliyev prospektində müvafiq abadlıq işləri aparılıb. Bundan əlavə, 41 min nəfər əhalisi olan 9 yaşayış məntəqəsini özündə birləşdirən 23 kilometrlik İmişli-Otuziki-Xoşçobanlı-Murğuzalılı-Mürsəlli-Qaraqaşlı-Muradalılı-Nurulu-Ölcələr və Yuxarı Qaralar kəndlərarası avtomobil yollarının əsaslı təmir işlərinə də start verilib.
Yığıncaqda qeyd edilib ki, ötən müddətdə rayonda heyvandarlıq və quşçuluğun inkişaf etdirilməsi sahəsində də təqdirəlayiq işlər görülüb, heyvanların və quşların baş sayı xeyli artıb. Ət, süd və yumurta istehsalı da nəzərə çarpacaq qədər çoxalıb. Vurğulanıb ki, ölkədə aparılan aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində rayonda bu sahənin sürətli inkişafına nail olunub. Son illərdə olduğu kimi pambıq, taxıl, çuğundur əsas bitkiçilik sahəsi kimi qalmaqdadır. Məlumat verilib ki, bu il rayonda 17 min 750 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Hazırda pambıq əkini işləri sürətlə aparılır.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində görülən işlərdən, əhalinin elektrik enerjisi və içməli su ilə təminatı sahəsində həyata keçirilən tədbirlərdən də danışılıb.
Sonda müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilib.