REGİONLAR
Bu il İmişlidə 35 min ədəd tut tingi əkiləcək
İmişli, 12 dekabr, Mahir Babayev, AZƏRTAC
Ölkəyə gətirilən yeni tut tinglərindən 35 min ədədi İmişli rayonuna verilib. Mütəxəssislərin qənaətinə görə, Çin Xalq Respublikasından gətirilən tut tingləri rayonda baramaçılığın inkişafına mühüm töhfələr verəcək.
AZƏRTAC xəbər verir ki, yeni gətirilən tinglərin əkini üçün rayonun Göbəktala və Bəcirəvan kənd ərazi nümayəndəliyində kifayət qədər sahə ayrılıb. Ting əkiləcək sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilib, malalama işləri aparılıb, gübrə verilib. Əkinin qısa vaxtda başa çatdırılması üçün ümumrayon iməciliyi keçirilib. Bütün idarə və müəssisələrdən xeyli sayda işçi kampaniyaya cəlb olunub. Tinglərdən 2 min ədədi Göbəktala kəndində əkilib. Qalan 33 min isə Bəcirəvan kənd ərazi nümayəndəliyində ayrılan ərazidə əkilir. Tut bağlarının uzunmüddətli olması üçün dayanıqlı su təminatı da nəzərdə tutulub.
Rayon kənd təsərrüfatı idarəsinin rəis əvəzi Səlim Məhərrəmov AZƏRTAC-a bildirib ki, tinglərin əkinində mütəxəssislər yaxından iştirak edir. Əkilmə qaydasını izah edən mütəxəssislər aqrtotexniki qulluq qaydalarının əsas şərt olduğunu bildirirlər. Yüksək məhsuldarlığa malik olan bu ağac növünün gələcəkdə artırılması üçün həmin tinglərin özündən istifadə edilməsi də mümkün olacaq. Yeni əkilən tinglərin yetişdirilməsi və onun mühafizəsi üçün rayonda xüsusi komissiya yaradılıb.
Qeyd edək ki, bu il rayonda 3 ton 750 kiloqram barama istehsal olunub.