REGİONLAR
Bu il Masallıdakı “Dəfinə” məktəb-liseyini bitirən 47 məzundan 32 nəfəri tələbə adını qazanıb
Masallı, 2 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki "Dəfinə" məktəb-liseyi 1997/1998-ci tədris ilindən fəaliyyət göstərir. Əvvəllər ümumi orta məktəb kimi mövcud olan bu təhsil ocağı Masallı şəhər 4 nömrəli tam orta məktəbin bazasında yaradılıb.
Məktəb-lisey 2008/2009-cu tədris ilində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İlin ən yaxşı məktəbi" adına layiq görülüb.
Prezident İlham Əliyevin “İlin ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında 2015-ci il 21 dekabr tarixli Sərəncamına əsasən respublikamızda fəaliyyət göstərən 50 məktəb qazandığı uğurlara görə mükafatlandırılıb. Müvəffəqiyyət qazanmış məktəblər sırasında Masallı şəhərindəki “Dəfinə” məktəb-liseyi də olub.
AZƏRTAC xəbər verir ki, hər il təhsil sahəsində yeni-yeni uğurlara imza atan Masallı şəhərinin “Dəfinə” məktəb-liseyi bu il də ənənəsinə sadiq qalıb.
Cari il məktəb-liseyi bitirən 47 məzundan 32 nəfəri qəbul imtahanlarında yüksək bal toplayaraq, müxtəlif ali məktəblərə qəbul olunub.
Məktəb-liseyin məzunu Firuzə Səmədova rayonda ən yüksək bal toplayanların sırasına başçılıq edir. O, qəbul imtahanlarından 677 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub.
Qəbul imtahanlarında 594 bal toplamış Kənan Mahmudzadə Tibb Universitetində hərbi həkim ixtisası üzrə təhsilini davam etdirəcək.
Məktəb-liseyin məzunlarından Türkiyədə hüquq ixtisası üzrə təhsil alacaq Sahib Təhməzovun, Bakı Dövlət Universitetinin idarəetmə fakültəsində təhsilini davam etdirəcək Şükür Şükürovun, Sərhəd Qoşunları Akademiyasına qəbul olunmuş Valeh Səmədlinin və başqalarının uğurları da ürəkaçandır.
550 şagirdin təlim-tərbiyəsi ilə 48 müəllimin məşğul olduğu təhsil ocağında qazanılan bu uğurların arxasında kollektivin gərgin əməyi, nümunəvi qurulmuş valideyn-məktəb münasibətləri, yüksək texnologiyaya və müasir tələblərə əsaslanan təhsil dayanır.