REGİONLAR


Bu il Mingəçevirdə tələbə adını qazanan 390 nəfərdən 38-i 600-dən yuxarı bal toplayıb

A+ A

Mingəçevir, 6 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevir şəhərində təhsil işçilərinin “2015-2016–cı dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr”ə həsr edilmiş ənənəvi sentyabr konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə məktəblilərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Konfransda Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov çıxış edərək bildirib ki, 2015-2016-cı dərs ilində şəhərdə 19 tam orta məktəb, 2 lisey, 1 internat məktəb olmaqla cəmi 22 ümumtəhsil məktəbi və 7 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərib. Bu məktəblərdə 13 739 şagird təhsil alıb, məktəbdənkənar təhsil müəssisələrində 1319 şagird idman və yaradıcılıq dərnəklərinə cəlb olunub.

Hesabat ilində Mingəçevir şəhər 1, 7, 9 nömrəli orta məktəblərdə əsaslı təmir işləri başa çatdırılıb və bu günlərdə istifadəyə veriləcək. O da vurğulanıb ki, artıq Mingəçevir məktəblərinin 70 faizə qədəri əsaslı təmir edilib və müasir avadanlıqlarla təmin olunub. 2015-2016-cı dərs ilində Mingəçevir məktəblilərindən 12 nəfəri fənn olimpiadalarının respublika mərhələsinə vəsiqə qazanıb və mükafata layiq yerlər tutublar. Bu il məktəbi bitirən şagirdlərdən 5-i qızıl və 1-i gümüş medala sahib olub. Orta məktəbləri 781 şagird bitirib və onlardan 562-i ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib, 390 abituriyent tələbə adını qazanıb. Bu il 38 abituriyent 600-dən yuxarı bal toplayıb.

Sahib Məmmədov təhsil müəssisələrinin digər nailiyyətlərindən də söz açaraq qeyd edib ki, 2015-2016-cı dərs ilində şəhər 7 və 10 nömrəli orta məktəblər, Texniki Humanitar Lisey “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin, liseyinin riyaziyyat müəllimi Arzu Hüseynova və ingilis dili müəllimi Mələknisə İsmayılova isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olublar.

Daha sonra konfransda müəllimlər geniş məruzə ilə çıxış edib, qazanılan uğurlardan söz açıblar. İmtahanlarda 686 bal toplayan qızıl medalçı məzun Aytac Cəbrayılova da çıxış edərək qazandığı uğurların əsasında müəllim zəhmətinin durduğunu söyləyərək bütün müəllimlərinə təşəkkürünü bildirib.

Konfransda Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək son illər təhsildə qazanılan uğurları dövlət qayğısının nəticəsi kimi dəyərləndiriblər. Şəhərdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan işlərdən danışılıb. Natiqlər keçən tədris ilində buraxılan nöqsanların aradan qaldırılması üçün tapşırıq və tövsiyələrini veriblər. Qazanılan uğurlara görə pedaqoji kollektivləri təbrik edərək, onlara yeni dərs ilində uğurlar arzulayıblar.

Sonda təhsildə fərqlənən bir qrup müəllimə şəhər icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.