İQTİSADİYYAT


Bu il OPEC-in gündəlik neft hasilatı 32,3 milyon barrel olacaq

Bakı, 8 iyun, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı bu il gündəlik orta hesabla 32,3 milyon barrel olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. 2018-ci ildə isə OPEC üzrə neft istehsalı sutkada 32,8 milyon barrel təşkil edəcək.

EIA-nın əvvəlki hesabatına görə, 2017-ci və 2018-ci il üzrə OPEC-in neft hasilatına dair proqnoz müvafiq olaraq sutkada 0,4 milyon və 0,2 milyon barrel azalıb. Buna səbəb isə OPEC və bəzi qeyri-OPEC ölkələrinin mayın 25-də neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılması barədə qərar vermələridir.

“Hazırkı proqnozda OPEC-in neft hasilatının azaldılması üzrə sazişin müddətinin gələn ilin martında sonrakı dövrü də əhatə edəcəyi nəzərə alınıb”, - deyə EIA-nın hesabatında deyilir.

Xatırladaq ki, 2001-ci ildən indiyədək ilk dəfə ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq, 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu saziş cari il iyulun 1-dək qüvvədə idi. Mayın 25-də isə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.