REGİONLAR
Bu il Oğuzda 200 hektar sahədə tütün əkiləcək
Oğuz, 26 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Oğuz rayonunda tütün əkini sahələrinin ötən illə müqayisədə 14 dəfədən çox artırılaraq 200 hektara çatdırılması nəzərdə tutulur. Bu məqsədlə ayrı-ayrı fermerlər tərəfindən istixanalarda 3500 kvadratmetr sahədə “İmunium” növündən olan tütün şitili yetişdirilib. Artıq tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İlk günlərdə 10 hektara yaxın sahəyə şitil köçürülüb.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətinin rəsmisi Qəmzə Süleymanova məlumat verib.
Qeyd edək ki, 2016-cı ildə Oğuz rayonunun təsərrüfatlarında 13,7 hektar sahədə tütün əkilib, 15,3 ton yaş tütün istehsal olunub. Tütünçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, dövlət səviyyəsində bu sahəyə göstərilən diqqət və qayğı oğuzlu fermerlərin də tütünçülüyə marağını artırıb. Ötən il rayonda bir neçə fermer ailəsi tütünçülüklə məşğul olurdusa, bu il belə təsərrüfatların sayı artıq 14-ə çatıb.
Rayonun Bucaq kəndindən olan fermer Rəftar Əhmədli indiyədək əsasən qarğıdalıçılıqla məşğul olub. Fermer AZƏRTAC-a müsahibəsində bildirib ki, hər il 100-120 hektar sahədə qarğıdalı yetişdirir. Dövlətin tütünçülüyə qayğısından ruhlanaraq bu il ilk dəfə olaraq 36 hektar sahədə tütün yetişdirməyi qarşısına məqsəd qoyub.