MƏDƏNİYYƏT
Bu il Qəbələnin turizm potensialından daha səmərəli istifadə olunacaqdır
Qəbələ, 5 fevral (AZƏRTAC). Qəbələ rayonunda mövcud olan əlverişli turizm potensialından “Turizm ili”ndə daha səmərəli istifadə olunması, bölgəyə daha çox turistin cəlb edilməsi qarşıya məqsəd qoyulmuşdur.
AZƏRTAC xəbər verir ki, hazırda qədim tarixə, füsunkar təbiətə, zəngin və müasir turizm infrastrukturuna malik olan Qəbələyə istirahətə, işgüzar səfərə gələn yerli və xarici qonaqlara ilboyu daha komfortlu xidmətlər göstərmək üçün genişmiqyaslı tədbirlər həyata keçirilir.
Cari ildə Qədim Qəbələ şəhərinin xarabalığının mövcud olduğu Çuxur Qəbələ kəndində açıq səma altında muzeyin yaradılması, rayonda bir neçə tarixi-mədəniyyət abidəsinin bərpası və həmin yerlərə asfalt yolun çəkilməsi nəzərdə tutulur. Hazırda rayonda turizmin inkişafına dəstək məqsədi ilə yeni hava limanının, olimpiya idman kompleksinin və futbol stadionunun, 3 yeni hotel və sanatoriyanın, atçılıq idman kompleksinin, müasir mədəniyyət mərkəzinin inşası sürətlə davam etdirilir.
Açılışında Prezident İlham Əliyevin iştirak etdiyi beşulduzlu “Qafqaz Resotre”, “Qafqaz Riverside” mehmanxanaları otel biznesinin ən mütərəqqi texnologiyalarını özündə birləşdirir, texniki imkanlarına və təqdim olunan xidmətlərin çeşidinə və keyfiyyətinə görə Avropa standartlarına tam cavab verir.
“Qafqaz Gənclik” istirahət və əyləncə kompleksi, boulinq zalı, süni buz meydançası, hovuzlar qonaqların əsas əyləncə məkanına çevrilmişdir. Tarixi abidələrə və görməli yerlərə səyahət, at gəzintisi, alpinizm, balıq ovu, idman oyunları və musiqili əyləncə sahəsində turistlərə xidmət göstərən həmin otellər tezliklə qonaqlara meşə üzərinə və dağlara kanat gəzintisini, qışda buz üstə xizəklə sürüşməyi və digər əyləncələri təklif edəcəklər.
Hazırda bu istiqamətdə işlər görülür.