REGİONLAR
Bu il Quba Regional Perinatal Mərkəzində vaxtından əvvəl doğulan 518 körpə müalicə alıb VİDEO
Quba, 9 dekabr, Elxan Yusifli, AZƏRTAC
İl ərzində Quba Regional Perinatal Mərkəzində vaxtından əvvəl doğulan 518 körpə müalicə alıb. Şimal regionunun bütün doğum şöbələrindən mərkəzə 51 uşaq köçürülüb. Onların arasında hamiləliyin 26-27-ci həftəliyindən əvvəl doğulmuşlar da mövcuddur. Ümumilikdə, cari ildə mərkəzdə 3 min 75 körpə dünyaya gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Quba Regional Perinatal Mərkəzində “Beynəlxalq vaxtından əvvəl doğulmuşlar günü” münasibətilə təşkil olunan tədbirdə məlumat verilib.
Tədbirdə tibb müəssisəsinin kollektivi ilə yanaşı, vaxtından əvvəl dünyaya gəlmiş körpələrin valideynləri də iştirak edib.
Quba Regional Perinatal Mərkəzin direktoru Şəhla Həsənova qeyd edib ki, hər il dünyada 15 milyona yaxın körpə vaxtından əvvəl doğulur. Bu cür uşaqlarda bir sıra problemlər və fəsadlar yarana bilər. Belə hallarda ana və uşağa xüsusi qulluq və tibbi yardım göstərilməsi ilə yanaşı, valideynlərə psixoloji dəstək də lazımdır. “Beynəlxalq vaxtından əvvəl doğulmuşlar günü” də məhz belə problemlərə cəmiyyətin diqqətini cəlb etmək üçün təsis olunub.
Yarımçıq doğuşların səbəblərindən danışan mütəxəssislər burada əsas amil kimi hamiləlikdən öncəki hazırlığı, hamiləlikdən əvvəl və hamiləlik vaxtı ananın orqanizmində yaranan problemləri qeyd ediblər.