İQTİSADİYYAT


Bu il “Şahdəniz” yatağından 8 milyard kubmetr qaz hasil edilib

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Cari ilin ilk üç rübündə “Şahdəniz” yatağından 8 milyard standart kubmetr təbii qaz və 1,9 milyon ton (təqribən 15 milyon barrel) kondensat hasil olunub.

Bu barədə AZƏRTAC-a “BP-Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10,8 milyard kubmetrdir.

Cari ilin üçüncü rübündə “Şahdəniz Mərhələ 1”in mövcud platformasında (Alfa) “SDA09” qaz hasilatı quyusunun alt seksiyaları qazılıb və tamamlama işlərinə başlanıb. Bu işlər hazırda davam edir. “İstiqlal” qazma qurğusunun yenidənqurma işləri və istismar sınaqları sentyabr ayının ortalarında başa çatdırılıb. Bunun ardınca qurğu “SDC04” quyusunda tamamlama işlərinə başlayıb və bu işlər indi də davam edir.

“Heydər Əliyev” qazma qurğusu “SDG03” quyusunu qazdıqdan sonra “SDG02” quyusunun lay seksiyasında qazma işləri aparır. Bu iki qazma qurğusu “Şahdəniz Mərhələ 2”nin başlanması və hasilatın ondan sonrakı tədricən artırılmasına hazırlıq çərçivəsində artıq on hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Hesabat dövründə “Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə), BTC şirkəti və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam etdirib. Yanvar-sentyabr aylarında “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 334 milyon dollar əməliyyat və 2 milyard 770 milyon dollar isə əsaslı xərclər sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə aiddir.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz) və TPAO (19 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.