REGİONLAR
Bu il Salyanda 65-70 min ton taxıl istehsalı gözlənilir
Salyan, 27 may, Mahir Babayev, AZƏRTAC
Salyanda taxılçılıq rayon iqtisadiyyatının əsasını təşkil edir. Bu il havaların yağmurlu keçməsi salyanlı fermerlərin işinə yarayıb. Yaz aylarında yağıntının çox olması səbəbindən taxıl sahələrinin suvarılmasına bir o qədər də ehtiyac duyulmayıb. Digər tərəfdən də taxıl sahələrinə vaxtında mineral və üzvi gübrələrin verilməsi, ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi sahələrdə bol məhsulun yetişməsinə səbəb olub.
Ötən il havaların kəskin quraq keçməsi nəticəsində taxıl sahələrinin hər hektarında məhsuldarlıq 15-20 sentner olub. Fermerlərin sözlərinə görə, bu il hər hektardan 30-35, bəzi yerlərdə isə 40 sentner məhsul götürmək mümkün olacaq.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ötən ilin payızında rayonda 19 min 647 hektar sahədə taxıl əkilib. Bunun da 5 min 662 hektarı buğda, 13 min 985 hektarı arpadır.
Keçən il rayonun taxıl sahələrindən 54 min ton məhsul götürülüb. Fermerlər bu il bu rəqəmi 65-70 min tona çatdırmaq əzmindədirlər. Taxıl istehsalı ilə məşğul olan mülkiyyətçilərə dövlət tərəfindən yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına subsidiyaların verilməsi bu sahəyə olan marağı xeyli artırıb.
İndi rayonda arpa biçininə hazırlıq işləri görülür. Məhsulu qısa müddətdə və itkisiz toplamaq üçün mövcud kombayn, maşın və mexanizmlər təmir olunaraq hazır vəziyyətə gətirilib. Bu mövsüm taxıl sahələrinə 46 kombayn çıxarılacaq ki, bu da məhsulun optimal müddətdə yığılmasına kifayət edəcək.