CƏMİYYƏT


Bu il Səhiyyə Nazirliyinin Dövlət Elmi Tibb Kitabxanasına 3 mindən artıq oxucu gəlib

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Ölkəmizdə tibb elminin və səhiyyənin ilkin sənədlərlə və informasiya ilə təmin edilməsi məqsədilə mükəmməl bir sistem yaradılıb. Bura ilk növbədə tibb kitabxanaları və elmi tibb informasiya bölmələri aiddir. Həmin təşkilatlar içərisində aparıcı mövqe Səhiyyə Nazirliyinin Dövlət Elmi Tibb Kitabxanasına məxsusdur. Kitabxana səhiyyə orqanlarında çalışan alim və mütəxəssisləri, tibb tələbələrini informasiya ilə vaxtında təmin edir, səmərələşdirici təkliflər irəli sürür.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 16-da Səhiyyə Nazirliyinin Dövlət Elmi Tibb Kitabxanasının fəaliyyətinə həsr olunmuş tədbirdə məlumat verilib.

Tədbirdə çıxış edən kitabxananın direktoru Yeganə Əmirəliyeva rəhbərlik etdiyi müəssisənin 1940-cı ildə fəaliyyətə başladığını qeyd edib. Bildirib ki, kitabxanada informasiya xidmətinin daha da təkmilləşdirilməsi üçün 2006-cı ildə tibbə dair müxtəlif mövzulu CD-lərdən ibarət kartoteka yaradılıb. Burada istifadəçilərin informasiya tələbatı tədqiq edilir. Şifahi sorğular və anketləşdirmə əsasında oxucuların maraq və meyilləri, tibb işçilərinin bugünkü fəaliyyət istiqamətləri, ən müasir tibb sahələri aşkar edilir. Bu da öz növbəsində fondun komplektləşdiriliməsində nəzərə alınır.

Y.Əmirəliyeva qeyd edib ki, kitabxananın elmi-metodiki şöbəsi respublikanın 93 tibb müəssisəsinin nəzdində fəaliyyət göstərən kitabxanalarla əməkdaşlıq edir. Bu kitabxanalarla əlaqələri möhkəmlətmək məqsədilə tez-tez bölgələrə səfərlər təşkil olunur, zona məşğələləri keçirilir. “Bu ilin səkkiz ayı ərzində kitabxanaya 3 min 250 oxucu gəlişi və 19 min 120 kitab verilişi qeydə alınıb. Kitabxanada əsas fondla yanaşı, 595 nüsxə Dünya Səhiyyə Təşkilatının Fondu, 435 nüsxə nadir nəşrlər fondu, yeni nəşrlər fondu, depozitar və arxiv fondu var. Bundan əlavə, kitabxanada lokal kompyuter və internet şəbəkəsi, elektron kataloq təşkil olunub. Hazırda 58 jurnal, 6 qəzet elektron kartotekaya, 4 min 115 kitab, 14 min 29 məqalə elektron kataloqa, 3 min 500 nüsxə elektron komplektləşdirmə moduluna daxil edilib. Kitabxanaya alınan yerli, eləcə də xarici qəzet və jurnallardakı 14 min 29 məqalənin təsviri elektron kataloqda öz əksini tapıb”, - deyə kitabxananın direktoru bildirib.

Vurğulanıb ki, Səhiyyə Nazirliyinin Dövlət Elmi Tibb Kitabxanası respublikamızda tibb kitabxanalarının elmi-metodik mərkəzi hesab olunur. Kitabxananın respublikamızın demək olar ki, bütün rayonlarında filialları təşkil edilib. Y.Əmirəliyev diqqətə çatdırıb ki, hazırda kitabxananın yeni internet saytı üzərində iş gedir. Bu saytda tibb kitabxanası şəbəkəsinin vahid elektron toplu kataloqunun təqdim edilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.