REGİONLAR
Bu il Şəkidə taxıl istehsalının 200 min tona çatacağı gözlənilir
Şəki, 31 may, Mustafa Dadaşov, AZƏRTAC
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə taxıl biçininə başlanılıb. Rayonun Turan qəsəbəsi və Suçma kəndinin ərazilərindəki təsərrüfatlarda arpa biçilir. İlk iki gündə 80 hektar sahənin məhsulu biçilib. Hər hektardan orta məhsuldarlıq hələlik 27 sentner təşkil edir. Məhsuldarlıq ötən ildəkindən bir neçə sentner yüksəkdir.
Bu barədə AZƏRTAC-a şəhər icra hakimiyyətindən məlumat verilib.
Xatırladaq ki, rayonda 2016-cı ilin məhsulu üçün 67 min 373 hektar sahədə payızlıq taxıl əkilib. Taxıl əkinlərinin 42 min 167 hektarını buğda, 24 min 956 hektarını arpa, qalanını isə xəsil sahələri təşkil edir.
Taxıl biçini kampaniyasının mütəşəkkil qaydada başa çatdırılması üçün fermerlər tərəfindən bütün lazımi tədbirlər görülüb, texnika saz hala gətirilib.
Keçən il rayonda 186 min ton taxıl istehsal olunub. Cari mövsümdə isə taxıl istehsalının 200 min tona çatacağı proqnozlaşdırılır.