REGİONLAR
Bu il Tovuzda 2 ton barama istehsalı nəzərdə tutulub
Tovuz, 25 may, AZƏRTAC
Tovuzda yerli əhali hələ 30 il əvvəl baramaçılıqla məşğul olub. Sonralar isə bu işə maraq azalıb. İndi təsərrüfat sahibləri dövlətin bu sahəyə diqqət və qayğısından yararlanaraq, yenidən baramaçılığa üz tuturlar.
Tovuzlu təsərrüfatçılar ipəkqurdlarını Qaxdan gətiriblər. Onların bəslənməsində artıq müsbət nəticələr əldə edilib, çünki prosesə təcrübəli kümçülər cəlb olunub.
Rayonun Cəlilli kənd sakini, kümçü Novruzəli Fərzəliyev AZƏRTAC-a bildirib ki, cır çəkil ağaclarından yemlənən və yuxu dövrünü arxada qoyan ipəkqurdları üçün gündəlik qida toplanır. Bir qutu qurd gün ərzində təxminən 1 ton yarpaq yeyir. Yüksək səviyyədə qulluq göstərildiyi üçün qurdlarda xəstəlik müşahidə edilmir.
Qeyd edək ki, bu il Tovuzda 2 ton barama istehsalı nəzərdə tutulub. Yaş baramanın hər kiloqramı 8 manata tədarük olunacaq.