REGİONLAR
Bu il barama tədarükü keçən ilə nisbətən ən azı iki dəfə artmalıdır
Bakı, 11 yanvar, AZƏRTAC
Bu il barama tədarükü keçən ilə nisbətən ən azı iki dəfə artmalıdır.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə danışan Prezident İlham Əliyev deyib: “Keçən il baramaçılıqla bağlı çox ciddi addımlar atılmışdır. Mən burada da bir neçə rəqəmi qeyd etmək istərdim. Əfsuslar olsun ki, bu sahə də tamamilə yaddan çıxmışdır. Əfsuslar olsun ki, əvvəlki illərdə tut bağlarının böyük hissəsi kəsilmişdir, dağıdılmışdır. İndi biz bunu bərpa edirik. 2015-ci ildə 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdir, təkcə bir rayonda, Şəki rayonunda. 2016-cı ildə görülmüş tədbirlər nəticəsində bu rəqəm 70 tona çatıb. Bu il barama tədarükü keçən ilə nisbətən ən azı iki dəfə artmalıdır. Keçən il 1 milyon 700 min tut tingi əkilmişdir. Bölgələrdə bu sahəyə çox böyük maraq var. 30-40 gün ərzində insanlar yaxşı pul qazanırlar. Hazırda 37 rayonda baramaçılıq inkişaf edir. Əgər 2015-ci ildə bir rayonda idisə, hazırda 37 rayondadır və əlbəttə ki, bu coğrafiya da genişlənməlidir. Bax, əkilən bu tinglərin nəticəsində biz 2019-cu ildə 1300 ton barama istehsalını gözləyirik. Biz Şəki ipək kombinatının tam gücü ilə işləməsini də təmin edəcəyik”.