CƏMİYYƏT


Bu il cəza çəkməkdən azad edilmiş 2447 nəfər birdəfəlik müavinətlə təmin olunub

Bakı, 27 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 2447 nəfəri birdəfəlik müavinətlə təmin edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxslərin hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli qədər - 464 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.

Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin gələcəkdə əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların peşə hazırlığına cəlb olunması işləri də davam etdirilir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi və Ədliyə nazirliklərinin birgə Tədbirlər Planına uyğun olaraq, cari ilin ötən dövründə Bakı şəhərindəki Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində, habelə 6, 2, 4, 7, 10 və 16 saylı, eləcə də Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisələrində peşə hazırlığı kursları təşkil edilib. Həmin cəzaçəkmə müəssisələrindəki peşə tədrisi bazalarında elektrik-qaz qaynaqçısı, dülgər-xarrat, avtomobillərin təmiri üzrə çilingər, kompüter texnikasının təmiri, inşaat rəngsazı və s. peşələr üzrə təşkil olunan kurslara cəza müddəti başa çatmaqda olan ümumilikdə 164 nəfər şəxs cəlb edilib. Onlardan böyük əksəriyyəti artıq bu kursları başa çatdırıb və onlara peşə şəhadətnamələri təqdim edilib.

Bununla yanaşı, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluğunun təmin olunması yönündə də müvafiq qurumlar tərəfindən işlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.