DÜNYA


Bu il dünya informasiya texnologiyaları bazarında 2,7 faiz artım gözlənilir

Bakı, 16 yanvar, AZƏRTAC

“Gartner” analitik şirkəti 2017-ci ildə dünya informasiya texnologiyaları məhsul və xidmətlərinin satış həcminin 3,5 trilyon dollaradək artacağını proqnozlaşdırır. Bu, 2016-cı ilin göstəricisindən 2,7 faiz çoxdur. Bundan əvvəl isə analitiklər bazarda 3 faiz artım olacağı ilə bağlı proqnoz vermişdilər.

AZƏRTAC “Computerworld” resursuna istinadən xəbər verir ki, şirkətin hesabatına görə, 2017-ci ildə bir sıra yeni texnologiyaların, o cümlədən “bulud” hesablamaları, “Blockchain”, rəqəmli biznes və süni intellektin birgə inkişafı sayəsində artım olacağı gözlənilsə də, dünya bazarlarında siyasi sabitliyə əminliyin olmaması alıcıları investisiyaları təxirə salmağa məcbur edir.

Bu il qurğuların (fərdi kompüter, planşet, ultramobil kompüter və mobil telefonlar) satışı 2016-cı ildəki 589 milyard dollarlıq səviyyədə qalacaq. 2018-ci ildə artım fərdi kompüterlərin növbəti yenilənməsi və əlverişli qiymətli ultramobil kompüterlərin funksionallığı artırılmaqla dəstəklənəcək.

Hesabata görə, informasiya texnologiyaları xidmətləri bazarında 4,2 faiz artım proqnozlaşdırılır. Artım üçün stimul kimi rəqəmli biznesə və intellektual avtomatlaşdırmaya, eləcə də servis və innovasiyaların optimallaşdırılmasına investisiyalar çıxış edir, lakin alıcılar iqtisadiyyatda problemlərə görə ehtiyatlı davranırlar.

Analitiklərin fikrincə, 2017-ci ildə müxtəlif seqmentlərin artım tempi əvvəlki illərdən daha çox fərqlənir. Məsələn, serverlər seqmentində “Microsoft”, “Google”, “Amazon” və s. kimi aparıcı şirkətlər tərəfindən “bulud” məlumat emalı mərkəzlərinin genişləndirilməsi sayəsində 5,6 faiz artım olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.