CƏMİYYƏT


Bu il əmək müqaviləsi bildirişləri üzrə elektron sistemə 1,2 milyondan çox müraciət edilib

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə iyul ayında daxil olan müraciətlərin sayı əvvəlki ayla müqayisədə 9,6 faiz artaraq 143 min 612-yə çatıb.

Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, həmin müraciətlərdən 132 min 470-i “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə yönəlib. İşəgötürənlərlə işçilər arasında bağlanan əmək müqavilələri, eləcə də həmin müqaviləyə dəyişiklik edilməsi və ya xitam verilməsi müvafiq bildiriş formasında “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə rəsmi qeydiyyatdan keçirilir. Bu isə işçilərin əmək hüquqlarının təminatına, eləcə də əmək bazarına birbaşa və obyektiv nəzarəti həyata keçirməyə imkan yaradır. Ötən ay əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemində qeydə alınan müraciətlərin 11 min 142-si isə “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə aid olub. Həmin e-xidmətdən istifadə etməklə hər bir işçi onunla bağlanmış əmək müqaviləsi bildirişi barədə real vaxt rejimində məlumat əldə etmək imkanına malik olur.

Ümumilikdə bu ilin yanvar-iyul aylarında əhali əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 1 milyon 204 min 143 dəfə, 2014-cü ilin iyul ayından avqustun 1-nə qədər isə 5 milyon 713 min 247 dəfə faydalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.