REGİONLAR


Bu il ən azı 120 min hektarda pambıq əkiləcək

Bakı, 11 yanvar, AZƏRTAC

Bu il pambıq sahələrini yenə də artırmalıyıq. Əgər keçən il 51 min hektarda pambıq əkilibsə, bu il ən azı 120 min hektarda pambıq əkilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, keçən il kənd təsərrüfatının inkişafında uğurlu il olmuşdur: “Biz ilk növbədə Azərbaycanda uzun illər ərzində tənəzzülə uğrayan pambıqçılığı bərpa edə bilmişik. Artıq bərpa prosesi başlayıb. Biz pambıqçılığın şöhrətini qaytarırıq. Keçən il bir qədər gecikməyimizə baxmayaraq, yaxşı nəticələr əldə etdik. Əgər 2015-ci illə müqayisə etsək, - 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir, - görərik ki, 2016-cı ildə artıq 51 min hektarda pambıq əkilmişdir. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük olunubsa, keçən il təxminən 90 min tona yaxın pambıq tədarük edilib. Bu il üçün bizim böyük planlarımız var. Bu planlar bu yaxınlarda qəbul ediləcək Dövlət İnvestisiya Proqramında da öz əksini tapacaq. Biz bu il pambıq sahələrini yenə də artırmalıyıq. Əgər keçən il 51 min hektarda pambıq əkilibsə, bu il ən azı 120 min hektarda pambıq əkilməlidir. Yəni, bu, real rəqəmdir, bir qədər az, bir qədər çox ola bilər, amma biz işimizi təxminən bu rəqəmlər ətrafında qurmalıyıq”.

Bütün lazımi tədbirlərin görüldüyünü vurğulayan Prezident İlham Əliyev bildirib ki, keçən il texnikalar alınıb, bu il də alınacaq. Lazımi aqrotexniki tədbirlər görülür, torpaq sahələrinə suyun verilməsi təmin edilir. “Burada həm Prezident Administrasiyası, yerli icra orqanları, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Meliorasiya və digər qurumlar fəal işləyiblər. Biz bu il daha da yaxşı nəticələr gözləyirik. Ancaq bu il icra ediləcək bu layihə çərçivəsində 200 minə yaxın insan işə cəlb ediləcək. Biz subsidiyaları da, pambıq tarlalarında işləyənlərin tariflərini də qaldırmışıq və məşğulluğu da təmin edəcəyik. Qeyd etməliyəm ki, hazırda 27 rayonda pambıqçılıq inkişaf edir və biz bu il təxminən 200 min ton, ondan da çox pambıq tədarükünü gözləyirik”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.