İQTİSADİYYAT
Bu il neft və digər maye yanacaqları üzrə qlobal təklif sutkada 98,3 milyon barrel olacaq
Bakı, 7 iyun, Nihad Budaqov, AZƏRTAC
Bu il neft və digər maye yanacaqlar üzrə qlobal təklif sutkada 98,3 milyon barrel və 2018-ci ildə isə gündəlik 100,16 milyon barrelə çatacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir.
Neft və digər maye yanacaqlar üzrə qlobal təklif may ayındakı proqnoza nisbətdə azalıb. Belə ki, EIA maydakı hesabatında təklifin bu il gündəlik 98,47 milyon barrel, 2018-ci ildə isə sutkada 100,4 milyon barrel olacağını proqnozlaşdırırdı. Qlobal neft və digər maye yanacaqlar üzrə təklif 2016-cı ildə sutkada 97,17 milyon barrel təşkil edib.
EIA-nın proqnozuna görə, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrdə təklif bu il sutkada 59,08 milyon barrel olacaq. May ayındakı hesabatda isə bu proqnoz gündəlik 59,04 milyon barrel idi.
2018-ci ildə isə qeyri-OPEC ölkələrində neft və digər maye yanacaqlar üzrə təklifin sutkada 60,3 milyon barrel səviyyəsində olacağı gözlənilir. EIA maydakı hesabatında qeyri-OPEC ölkələrində təklifin 60,18 milyon barrel təşkil edəcəyini proqnozlaşdırırdı. OPEC-ə daxil olmayan ölkələrdə neft və digər mayelər üzrə təklif 2016-cı ildə isə sutkada 58,17 milyon barrel olub.