İQTİSADİYYAT


Bu il torpaqların kəmiyyət göstəricilərinin təyini respublikanın 23 rayonunda icra ediləcək

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

Torpaqların kəmiyyət göstəricilərinin təyini işinin icrasına respublikanın 9 rayonunda başlanılıb. Cari ildə bu işlər ölkənin 23 rayonunda icra ediləcək.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə cari ilin yanvar-iyun aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair komitədə keçirilən müşavirədə məlumat verilib. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar sayəsində 2016-cı ilin birinci yarısında da ölkə iqtisadiyyatının inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, bu islahatların tərkib hissəsi kimi torpaq münasibətlərində yeni çağırışlar gündəmə gəlib, torpaq idarəçiliyinin təkmilləşdirilməsi, uçotun düzgün aparılması, torpaqlardan qeyri-qanuni istifadə hallarının qarşısının alınması kimi məsələlər daha da aktuallaşıb.

K.Həsənov Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunduğunu qeyd edib. O, proqrama əsasən komitənin qarşısında yeni tələblər qoyulduğunu bildirib. Belə ki, 2020-ci ilə kimi daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılması, torpaqlardan istifadə və mühafizəsinin səmərəliliyinin artırılması, torpaqla bağlı vahid məlumat bazasının yaradılması və digər məsələlərin həlli nəzərdə tutulur.

Komitə sədri deyib ki, dövlətimizin başçısının bu ilin martın 7-də imzaladığı “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə torpaqların elektron kadastr uçotu sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi Qaydaları təsdiq olunub. Verilən Fərman və tapşırıqlara əsasən, Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə başlanılıb. Dəqiq torpaq uçotu məlumatları torpaqların elmi əsaslarla idarə edilməsi, torpaqların yaxşılaşdırılması, torpağın keyfiyyət, relyef, ekoloji, təbii-təsərrüfat xüsusiyyətlərini nəzərə almaqla torpaqlardan istifadənin istiqamətlərinin (ixtisaslaşmasının) müəyyənləşdirilməsinə imkan yaradacaq.

O bildirib ki, torpaqların kəmiyyət göstəricilərinin təyini işinin icrasına respublikanın 9 rayonunda başlanılıb. 2016-cı ildə bu işlər respublikanın 23 rayonunda icra ediləcək. Torpaqların kəmiyyət göstəricilərinə görə uçotu ilə yanaşı, həm də keyfiyyət göstəricilərinə görə uçotunun aparılması işləri davam etdirilir. Bu məqsədlə, müasir tələblərə uyğun, modern cihaz və avadanlıqlarla təchiz olunmuş Torpaq və bitki laboratoriyası istismara verilib.

“Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri bu dövrdə də davam etdirilib. Monitorinqlər zamanı pozuntu hallarının aşkarlanması və qarşısının alınması, qanunvericiliyə əsasən cəza və inzibati tədbirlərin görülməsi təmin olunub. Ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi həyata keçirilib”, - deyə K.Həsənov əlavə edib.

Müşavirədə vurğulanıb ki, daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərindən irəli gələn bütün məsələlər “bir pəncərə” prinsipinin tətbiqi ilə həll olunur. Bu isə, öz növbəsində sənədləşdirmə prosesində optimallıq, çeviklik və rahatlığın kifayət qədər artmasını təmin edib. Azərbaycan ilk dəfə olaraq bu il əmlak hüquqlarının qorunması indeksinə görə “Mülkiyyət hüquqları Alyansı”nın 129 ölkəni əhatə edən reytinq cədvəli üzrə 20-ci yerdə qərarlaşıb. Qeydiyyat sahəsində komitənin hər ay paralel olaraq paytaxt və regionlarda, birbaşa ünvanlarda keçirilən “Kütləvi çıxarış” kampaniyaları davam etməkdədir. Bu ildən respublikada vətəndaşlara və əmlak sahiblərinə daşınmaz əmlakın qeydiyyatı sahəsində geniş hüquqi məsləhət xidmətləri göstərilir. Fiziki və hüquqi şəxslərə daşınmaz əmlakın fərdi və kütləvi qiymətləndirilməsi xidmətinə başlanılıb.

Müşavirədə dövlət başçısı tərəfindən “Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramında” dəyişikliklərin edilməsi sahəsində 13 iyul 2016-cı il tarixli Fərmanının imzalandığı bildirilib. Həmin Fərmana əsasən nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərin idarəetmə orqanlarında dövlətin nümayəndəsinin təyin edilməsi, dövlət əmlakının təyinatı üzrə səmərəli istifadə olunmasına, təyinatının dəyişdirilməsinə nəzarət edilməsi qeyd olunub. Monitorinq və araşdırmaların aparılması, onların nəticələri barədə ölkə başçısına aidiyyəti üzrə məlumatın verilməsi kimi məsələlər öz əksini tapıb.

Həmçinin diqqətə çatdırılıb ki, ötən 6 ay ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər ölkələrin təcrübələri təhlil edilib. Beynəlxalq məsləhətçi şirkətlərlə görüşlər keçirilib, özəlləşmə ilə bağlı yeni yanaşmalar, prioritetlər müəyyənləşdirilib. Əsas məqsəd dövlət əmlakının özəlləşdirilməsində yerli və xarici investorların geniş iştirakına şəraitin yaradılması, əmlakın bazar dəyərinin müəyyənləşdirilməsidir. Müasir dövrdə yeni iqtisadi reallıqlar nəzərə alınmaqla dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi haqqında təkliflər, eyni zamanda “Özəlləşmə portalı”, müəssisələr haqqında məlumat profilləri hazırlanıb. Dövlət başçısının 13 iyul 2016-cı il tarixində metallurgiya kompleksinin sağlamlaşdırılma və restrukturizasiyası barədə Sərəncamına əsasən, Polad Kompleksinin tabeçiliyində olan “Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşməyə açılıb. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Hacıqabul və Cəlilabadda rayon ictimaiyyəti və sahibkarlarla görüşlər keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət İdarəçilik Akademiyası arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, “dəyirmi masa” və seminarların, müzakirələrin keçirilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurasının yaradıldığı qeyd olunub.

K.Həsənov komitənin gələcək fəaliyyəti və yeni vəzifələrlə bağlı tapşırıqlarını verib. Bildirib ki, torpaq idarəçiliyi ilə bağlı yeni təsdiq olunmuş Dövlət Proqramından irəli gələn məsələlər təcili həllini tapmalı və görüləcək işlərə dərhal başlanmalıdır. Kompleks tədbirlər daha intensiv və mükəmməl şəkildə davam etdirilməlidir. “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi ilə bağlı Sərəncama uyğun təcili tədbirlər görülməli, təhvil-təslim işləri aparılmalıdır. Nüfuzlu məsləhətçilər cəlb edilməli, investorlarla danışıqlara başlanmalıdır.

Həmçinin dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və qeydiyyat sahəsində vətəndaş məmnunluğunun və şəffaflığın artırılması məqsədilə tədbirlər gücləndirilməlidir. Torpaqların elektron uçotu sisteminin yaradılması üzrə aparılan işlər sürətləndirilməlidir. Torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının qarşısının alınması, torpaq qanunvericiliyinin qorunmasına nəzarət tam təmin edilməlidir. Torpaqların səmərəli istifadəsi və mühafizəsinə nəzarət ilə bağlı monitorinqlər, reydlər, təhlillər və inzibati tədbirlər daha effektiv şəkildə həyata keçirilməlidir.

Müşavirədə komitənin aidiyyəti qurumlarının rəhbərlərinin gördükləri işlərlə bağlı məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.