İQTİSADİYYAT
Bu il üzrə SOCAR-ın “Ödənişli Yay Təcrübəsi” Proqramının qalibləri müəyyən edilib
Bakı, 1 avqust, AZƏRTAC
2016-cı il üzrə SOCAR-ın “Ödənişli Yay Təcrübəsi” Proqramının qalibləri müəyyən olunub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkət 2010-cu ildən etibarən “Ödənişli Yay Təcrübəsi” Proqramını hər il uğurla həyata keçirir. Bu il proqramda iştirak etmək üçün sənəd qəbulu mayın 13-dən 30-dək aparılıb, Azərbaycanın və dünyanın 60-dan artıq ali təhsil müəssisəsindən 739 tələbə tərəfindən müraciət qəbul olunub. Onların arasından proqramın şərtlərinə uyğun gələn 368 nəfər növbəti mərhələyə - test imtahanına buraxılıb. Test imtahanında keçid balından yüksək nəticə göstərən 87 iddiaçıya müsahibə mərhələsində iştirak etmək hüququ verilib.
Yekun mərhələdə SOCAR-ın Baş Ofisinin İnsan Resursları Departamentinin əməkdaşları və sahə üzrə mütəxəssislər tərəfindən birgə müsahibə olunan namizədlərdən 57 nəfər təcrübəçi adına layiq görülüb. Proqrama müraciət etmiş tələbələrdən 47 nəfəri isə 2015-2016-cı illər üzrə Daxili Təqaüd Proqramının qalibi olduğuna görə müsabiqədən kənar birbaşa təcrübə keçəcəkləri müəssisələrə göndərilib. Ümumilikdə 104 tələbə “Ödənişli Yay Təcrübəsi” Proqramının qalibi seçilib.
2016-cı il üzrə proqram iştirakçıları 1 avqust-13 sentyabr tarixlərində SOCAR-ın 10 idarə və müəssisəsində ödənişli təcrübə keçəcəklər.