CƏMİYYƏT


Bu ilin 11 ayında 21,9 min nəfər əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin olunub

Bakı, 19 dekabr, AZƏRTAC

Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin kompleks tibbi-sosial və peşə reabilitasiyası istiqamətində işlərin davamı olaraq, 21,9 min nəfər əlilliyi olan şəxsi bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yanvar-noyabr aylarında 7 min 781 nəfər şəxsə nazirliyin əlillərin bərpa mərkəzlərində müasir tibbi avadanlıqlarla bərpa-müalicə xidmətləri göstərilib, onların reabilitasiya potensiallarının reallaşdırılması üçün məqsədəuyğun işlər görülüb. Eyni zamanda 128 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq (valideynlərindən birinin müşayiəti ilə) xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.

Əlilliyi olan insanların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə onların protez-ortopedik bərpa xidmətləri ilə təminatı işləri də davam etdirilir. Yanvar-noyabr aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 13 990 nəfər əlilliyi olan vətəndaşın qeyd olunan xidmətlərlə təminatı həyata keçirilib. Onlara ümumilikdə 31 537 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi (o cümlədən 1 117 ədəd əlil arabası, 663 ədəd eşitmə aparatı, 8 404 ədəd müxtəlif reabilitasiya vasitəsi, 1 065 ədəd aşağı və yuxarı ətraf protezi, 1 517 cüt dirsəkaltı ağac, 810 ədəd dördayaqlı dayaq vasitəsi, 1288 ədəd aşağı və yuxarı ətraf protezi, 717 ədəd bel və boyun nahiyəsi üçün korset və s.) verilib.

Həmçinin cari ilin ötən dövründə ölkəmizin bölgələrində əlilliyi olan şəxslərin ehtiyac duyduqları protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təmin olunmaları üçün onlara səyyar formada protez-ortopedik bərpa xidmətləri də göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.