İQTİSADİYYAT
Bu ilin 6 ayı ərzində 73 min 640 “Asan İmza” sertifikatı verilib
Bakı, 27 iyul, AZƏRTAC
Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2013-cü ildən indiyədək 329 min 176 “Asan İmza” sertifikatı verilib. Bu ilin 6 ayı ərzində isə 73 min 640 sertifikat təqdim olunub. Bu da ötən ilin müvafiq dövrü ilə (29 min 426) müqayisədə 2,5 dəfə çoxdur.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, həmin sertifikatlardan 38 min 121-i şəxsi, 34 min 88-i biznes, 1431-i isə dövlət və bələdiyyə tipli sertifikatlardır.
Məlumata əsasən, 2013-cü ildən ölkəmizdə tətbiq edilən, Vergilər Nazirliyi və mobil operator tərəfindən verilən, elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən olunmasını təmin edən “Asan İmza” (Mobil ID) xidməti bu gün bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir.
Bu gün Azərbaycanda “Asan İmza”nın köməyi ilə elektron vergi bəyannamələrinin təqdim olunması, malların və transsərhəd vasitələrinin elektron gömrük vasitəsilə bəyan edilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı, abituriyentlərin onlayn qeydiyyatı və s. həyata keçirilir.
Həmçinin bu yaxınlarda istifadəyə verilən, istənilən vacib sənədin elektron şəkildə imzalanmasının mümkün olduğu vahid «AsanDoc.az» portalı dövlət müəssisələri və banklarla rahat və hüquqi baxımdan qanuni olan əlaqənin təmin olunmasına, eləcə də özəl şirkətlər arasında sənəd dövriyyəsi prosesinin sadələşdirilməsinə imkan yaradır.