İQTİSADİYYAT


Bu ilin altı ayında dövlət büdcəsinin mədaxili 6133,8 milyon manat, xərcləri 6821,5 milyon manat olub

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

2016-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin mədaxili 6133,8 milyon manat, xərcləri 6821,5 milyon manat olub və 687,7 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, altı ayda dövlət büdcəsinin mədaxili 7771,5 milyon manat proqnoza qarşı 6133,8 milyon manat və yaxud 21,1 faiz az icra olunub. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 102,0 faiz icra olunmaqla dövlət büdcəsinə 3190,1 milyon manat vəsait təmin edilib. Həmin vəsaitin 77,8 faizi (ötən ilin eyni dövrünə nisbətən 10,6 faiz-bənd çox) və ya 2481,1 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən 242,7 milyon manat və ya 10,8 faiz çoxdur.

Yanvar-iyun aylarında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi proqnoza 118,2 faiz əməl edərək dövlət büdcəsinə 995,4 milyon manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz və yaxud 230,4 milyon manat çoxdur. Azərbaycan Respublikası Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transfertdən 1886,0 milyon manat (51,7 faiz) az və ya 1760,0 milyon manat istifadə edilib.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 127,3 milyon manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 56,9 milyon manat vəsait daxil olub.

Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 2455,3 milyon manat icra olunub. Bu ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 88,8 faiz və yaxud 6821,5 milyon manat icra edilib.

İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 43,4 faizi və yaxud 2958,5 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz və yaxud 211,2 milyon manat çoxdur.

Bu ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 103,1 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 532,0 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 19,1 milyon manat vəsait yönəldilib.

2016-cı ilin altı ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Bu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 4198,1 milyon manat icra olunub. Yanvar-iyun aylarında icmal büdcənin gəlirləri 9262,7 milyon manat, icmal büdcənin xərcləri isə 8226,1 milyon manat icra olunub. İcmal büdcənin artıqlığı 1036,6 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.