CƏMİYYƏT


Bu ilin altı ayında narkotiklərlə mübarizə  sahəsində 1697 fakt aşkarlanıb

Bakı, 18 iyul, AZƏRTAC

Bu ilin altı ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilib.

Dövlət Komissiyasının İşçi Qrupundan AZƏRTAC-a bildiriblər ki, cari ilin altı ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 1697 fakt aşkar edilib. Onlardan 470-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1094-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 103-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri təşkil edib. Aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 730 kiloqram 723,566 qram müxtəlif növ narkotik vasitələr müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 428 kiloqramı 564,736 qramı marixuana (58,6 faiz), 117 kiloqram 174,74 qramı tiryək (16 faiz), 146 kiloqram 486,19 qramı heroin (20,1 faiz), 2 kiloqram 480,2 qramı həşiş (0,4 faiz), 35 kiloqram 134,7 qramı digərləri (4,8 faiz), 883 qramı psixotrop maddələr (0,1 faiz) və 1545 həb təşkil edib.

Cinayət məsuliyyətinə 1309 nəfər cəlb edilib. Onlardan üçü 18 yaşadək, 112-si, 18-25 yaşlarında, 181-i 26-29 yaşadək, 1013-ü 30 yaşdan yuxarı şəxslərdir. Eləcə də həmin şəxslərdən 15-i fəhlə, 2-si qulluqçu və ya maddi məsul şəxs, 1167-si işləməyənlər, 513-ü təkrar cinayət törətmiş şəxslər, 1289-u kişilər, 20-si qadınlar, 17 nəfəri isə xarici ölkə vətəndaşları olub. Onlardan ümumilikdə 6 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb.

Həmçinin hesabat dövründə 432 hektar 63,66 sot ərazidən 111 ton 420 kiloqram 868,99 qram (307 min 356 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2016-cı il 31 dekabr tarixli məlumatına əsasən, Mərkəzdə 29 min 448 nəfər qeydiyyatda olub. Onlardan 24 min 56-sı dispanser, 5392 nəfəri profilaktik qeydiyyatda olan şəxslərdir. Onlardan 18 yaşa qədər 5 nəfər, 612-si qadın, 183-ü toksikoman, 20 min 576-sı (459 qadın) infeksion narkotik istifadəçiləridir. Ötən il 2142 nəfər yeni qeydiyyata götürülüb, 1249 nəfər isə qeydiyyatdan çıxarılıb.

Səhiyyə Nazirliyi QİÇS ilə Mübarizə Mərkəzinin məlumatına əsasən, bu ilin altı ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlanan insanların sayı 224 nəfər təşkil edib. Onlardan 219-u (97,7 faiz) Azərbaycan vətəndaşı, 5-i (2,3 faiz) isə əcnəbilərdir.

Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunduğu 1987-ci ildən 2017-ci ilin 1 iyul tarixinədək Respublika QİÇS ilə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6409 nəfər qeydiyyata götürülüb. Onlardan 6198-i (96,7 faiz) Azərbaycan vətəndaşı, 211-i (3,3faiz) isə əcnəbidir. İİV-ə yoluxmuş insanların 4722-i (73,7 faiz) kişi, 1687-i (26,3 faiz) qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 6409 nəfərdən 3001-də (46,8 faiz) İİV-ə yoluxma infeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 2210 (73,6 faiz) nəfər dispanser qeydiyyatındadır. Bu il iyulun 1-i tarixinə ART-yə cəlb olunmuş İİV-ə yoluxan xəstələrin ümumi sayı 3756 nəfər təşkil edib. Onların da 1711 nəfəri İNİ olub. Cari ilin 6 ayı ərzində isə ART-yə cəlb olunan 218 pasiyentdən 57-sində İNİ aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.