İQTİSADİYYAT
Bu ilin birinci rübündə 9045 vergiödəyicisinə ünvanlı xidmətlər göstərilib
Bakı, 20 aprel, AZƏRTAC
2017-ci ilin birinci rübündə vergiödəyicilərinə 370 min 149 bildiriş göndərilib, eləcə də 9045 vergiödəyicisinə ünvanlı xidmətlər göstərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “vergiler.az” saytına müsahibəsində Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru Sarxan Məmmədov bildirib.
Onun sözlərinə görə, fəaliyyət sahələri nəzərə alınmaqla vergi qanunvericiliyinə edilən dəyişikliklər, o cümlədən “Nağdsız hesablaşmalar haqqında” və “Vergiödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunlar barədə vergiödəyicilərinin məlumatlandırılması məqsədilə müəyyən edilmiş zonalar üzrə 2 mindən çox vergiödəyicisinin iştirakı ilə 26 görüş keçirilib.
Departament rəhbəri qeyd edib ki, fərdi yanaşma prinsipi ilə vergiödəyicilərinə daha səmərəli xidmətlərin göstərilməsi və könüllü əməletmə səviyyəsinin yüksəldilməsi üçün həyata keçirilən tədbirlər artıq öz nəticəsini verib. Bu ilin ilk üç ayında vəsaitlərin 90,9 faizi könüllü əməletmə və vergiödəyicilərinə göstərilən xidmətlər sayəsində dövlət büdcəsinə daxil olub.
Könüllü əməletmə səviyyəsinin artmasına təsir göstərən amillərdən biri də 2017-ci ildən fərdi əməklə məşğul olan şəxslərin sabit vergiyə cəlb olunmalarıdır. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, bir sıra fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər aylıq sabit məbləğdə sadələşdirilmiş vergi ödəyirlər. Onlar kiçik həcmdə gəlirlərə malik, muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərdir. Vergi yükünün əhəmiyyətli şəkildə azalmasını və bəyannamələrin təqdim edilməsi zərurətinin aradan qaldırılmasını nəzərdə tutan bu yenilik fərdi əməklə məşğul olan şəxslərdə maraq doğurur.
Sarxan Məmmədov, həmçinin xatırladıb ki, 2017-ci ilin birinci rübündə 142 vergiödəyicisinə sabit verginin ödənişini təsdiq edən qəbzlər verilib.
“Real vergi potensialının müəyyən edilməsi və vergi daxilolmalarının təmin edilməsi sahəsində görülmüş işlər nəticəsində kiçik sahibkarlıq subyektləri tərəfindən yanvar-mart ayları ərzində dövlət büdcəsinə 21 milyon 481,3 min manat vəsait transfert olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur”,- deyə S.Məmmədov vurğulayıb.