REGİONLAR
Bu ilin birinci rübündə Şəmkirdə 3 mindən çox yeni iş yeri açılıb
Şəmkir, 18 aprel, Famil Quliyev, AZƏRTAC
Aprelin 18-də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə qeyd olunub ki, ölkəmizin sosial-iqtisadi həyatında olduğu kimi, Şəmkir rayonunda da 2017-ci ilin birinci rübündə iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və xidmət sahələrində müsbət nəticələr qazanılıb. Belə ki, cari ilin ilk rübündə iqtisadiyyatın əsas sahələrində məhsul buraxılışının həcmi 428 milyon 117 min manat, adambaşına düşən məhsul buraxılışının həcmi isə 2008 manat olub. Bu dövrdə sənaye sahələrində 14 milyon 745 min manatlıq, kənd təsərrüfatında 256 milyon 610 min manatlıq, tikinti sahəsində 68 milyon 77 min manatlıq, nəqliyyat və rabitə sahələri üzrə 7 milyon 118 min manatlıq, ticarət sahələri üzrə 82 milyon 567 min manatlıq məhsul buraxılışı olub. Ümumi məhsul buraxılışının 14,3 faizi dövlət sektorunun, 85,7 faizi isə özəl sektorun payına düşüb.
Sənaye müəssisələri tərəfindən sənaye xarakterli 8 milyon 118 min manat xidmətlər göstərilib ki, bu da ötən illə müqayisədə 26,8 faiz çoxdur. Cari ilin ilk 3 ayı ərzində rayon üzrə ticarətdə əmtəə dövriyyəsinin həcmi 8,8 faiz, bir nəfərə düşən ticarət xidmətinin həcmi 13,7 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7,8 faiz artıb.
Hesabat dövründə Şəmkir rayonunda 3087 yeni iş yeri açılıb ki, onunda 557-si daimi, 2 min 530-u müvəqqəti iş yerləri olub. Əhalinin həyat səviyyəsinin yüksəldilməsini səciyyələndirən orta aylıq əmək haqqı 312 manat təşkil edib və ötən illə müqayisədə 1,3 faiz artıb.
Diqqətə çatdırılıb ki, 2014-cü ilin son rübündən etibarən kənd təsərrüfatı məhsullarının istehsalını, tədarükünü, emalını və realizasiyasını təmin etmək məqsədi ilə respublikamızda ilk dəfə olaraq Şəmkir rayonunda fəaliyyət göstərən 42 bələdiyyənin nəzdində 45 məhdud məsuliyyətli cəmiyyət təsis edilib, bir sıra sosial layihələrin, o cümlədən kənd təsərrüfatı üzrə pilot layihələrin icrasına başlanıb. Təsis edilmiş “Ceyrançöl”, “Maral 15”, “Qaracəmirli”, “Morul”, “Abad Şəmkir”, “Çinarlı qəsəbə” Məhdud Məsuliyyətli cəmiyyətləri uğurlu fəaliyyətləri ilə kənd təsərrüfatı, tikinti və bir çox sahələrin inkişafına töhfələrini verməkdədirlər.