İQTİSADİYYAT


Bu ilin birinci yarısında 10 statistik məcmuə işıq üzü görüb

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

Cari ilin birinci yarısında 10 statistik məcmuə işıq üzü görüb.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, komitə tərəfindən bu ilin altı ayı ərzində müxtəlif sahələrə həsr olunan 10 statistik nəşr işıq üzü görüb. Komitənin iş planına uyğun olaraq nəşr edilən çap materialları statistik bülleten, buklet və məcmuələri əhatə edir. “Azərbaycan rəqəmlərdə” məcmuəsində 2010-2015-ci illər üzrə əhali, əmək, yeni iş yerləri, əhalinin həyat səviyyəsi, təhsil, səhiyyə və turizm, ümumi daxili məhsul, sənaye, ticarət, xarici ticarət, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, ödənişli xidmət, iaşə, qiymət, maliyyə və kredit və digər sahələrinin statistik göstəriciləri öz əksini tapıb. “Azərbaycan-faktlar və rəqəmlər” bukletində isə ölkəmizin 2014-2015-ci illəri əhatə edən əsas sosial-iqtisadi göstəriciləri və bu sahələr üzrə qrafiklər yer alıb.

“İnfoqrafika”da 2004-2015-ci illər üzrə ümumi daxili məhsula, orta aylıq əməkhaqqına, pərakəndə əmtəə dövriyyəsinə, kənd təsərrüfatı və sənaye istehsalı indeksinə, qeyri-neft sahələrində istehsal olunan əlavə dəyərə, əhalinin real gəlirlərinə, əhalinin sayına, ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayına, yoxsulluğun səviyyəsinə, əhalinin əmanətlərinə, informasiya və rabitə xidmətlərinə dair göstəricilərin 2003-cü ilə nisbəti qrafik şəklində göstərilib.

“Dövlət qulluqçuları” adlı statistik məcmuədə isə 2005-2015-ci illərdə dövlət qulluqçularına dair statistik məlumatlar əks olunub. Məcmuəyə ölkə və iqtisadi rayonlar üzrə dövlət qulluqçuları haqqında məlumatları, dövlət qulluğunun vəzifələrini tutmuş işçilərin yaş və cinslər üzrə sayı və orta aylıq əmək haqqını xarakterizə edən göstəricilər daxil edilib.

“Azərbaycanda qiymətlər” nəşrində 2011-2015-ci illərdə ölkə, o cümlədən iqtisadi rayonlar üzrə istehlak məhsullarının, əhaliyə göstərilən xidmətlərin qiymət indeksləri, sənaye və kənd təsərrüfatı məhsullarının istehsal, nəqliyyat, poçt və rabitə xidmətlərinin, tikinti-quraşdırma işlərinin, idxal-ixrac olunan məhsulların qiymətlərinin səviyyəsi və dinamikası barədə məlumatlar var.

“Azərbaycanda cinayətkarlıq və hüquqpozmalar” çap materialında Azərbaycan Respublikasının hüquq mühafizə sisteminin fəaliyyətinin nəticələrini ötən illərlə müqayisəli şəkildə xarakterizə edən əsas göstəricilər verilib. Bu göstəricilər Daxili İşlər, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin məlumatları əsasında hazırlanıb.

“Azərbaycanda ticarət” nəşrində pərakəndə əmtəə dövriyyəsinin və pullu xidmətlərin həcminə, xüsusi çəkisinə və özündən əvvəlki illərlə müqayisəsinə, regionlar üzrə ticarət sahəsinin iqtisadi inkişafını xarakterizə edən əsas statistik göstəricilər əks olunub. Nəşrdə pərakəndə, topdansatış əmtəə dövriyyəsinin həcmi, əmtəə qalığının həcmi, ərzaq, qeyri-ərzaq mallarının strukturu, yerli və idxal mallarının satışı, adambaşına düşən əmtəə dövriyyəsinin həcmi üzrə göstəriciləri, həmçinin regionlar üzrə qeyri-neft məhsullarının, yerli istehsal və idxal mallarının pərakəndə satışı üzrə göstəriciləri ilə tanış olmaq mümkündür.

“Azərbaycanda xarici ticarət” buraxılışında isə Azərbaycan Respublikasının 2011-2015-ci illərdə xarici dövlətlərlə ticarət əlaqələrinə, o cümlədən ölkələr üzrə ticarət dövriyyəsinin, idxal və ixracın həcminə, tərəfdaş ölkələrin xüsusi çəkisinə, əməliyyat növləri üzrə idxal və ixracın həcminə, ölkə qrupları üzrə ticarət dövriyyəsinin, idxal və ixracın həcminə, ticarət əlaqələrinin, idxal və ixracın coğrafi quruluşuna, nəqliyyat növləri üzrə idxal və ixracın həcminə, idxal və ixracın əmtəə strukturuna, mühüm növ məhsulların idxal və ixracına dair göstəricilər daxil edilib. Bu göstəricilər Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hazırlanıb.

“Azərbaycanda uşaqlar” statistik məcmuəsində Azərbaycanda uşaqların sosial vəziyyətini xarakterizə edən statistik məlumatlar əks olunaraq 7 bölmədə (demoqrafik göstəricilər, təhsil, əhalinin yaşayış şəraiti, müalicəvi-profilaktik xidmətlər, sosial təminat, xəstəliklər və ölüm halları, cinayətkarlıq, iqtisadi və inzibati şəhər və rayonlar) qruplaşdırılıb.

“Azərbaycanda turizm” nəşrində respublikada fəaliyyət göstərən turizm müəssisələrinin, mehmanxanaların və mehmanxana tipli müəssisələrin iqtisadi göstəriciləri və ölkə sərhədini keçərək xarici ölkələrə gedən və Azərbaycana gələn xarici vətəndaşlarının sayı, ictimai iaşə dövriyyəsinə, reklam müəssisələrinin fəaliyyəti haqqında məlumatları ilə yaxından tanış olmaq olar.

İstifadəçilər statistik nəşrlərin elektron versiyalarını Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindən (www.stat.gov.az) də əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.