İQTİSADİYYAT
Bu ilin birinci yarısında 63 valyuta satışı hərracının 28-də tələb təklifi üstələyib
Bakı, 13 avqust, AZƏRTAC
Cari ilin ötən dövründə Mərkəzi Bank elan etdiyi yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsi tətbiq edib. İlin birinci yarısında Mərkəzi Bank valyuta bazarında iştirakını minimum endirib.
AZƏRTAC Mərkəzi Bankın 2016-cı ilin yanvar-iyun ayları ilə bağlı "Pul siyasəti" icmalına istinadla xəbər verir ki, hesabat dövründə Dövlət Neft Fondunun valyuta bazarında satışları da Mərkəzi Bankda şəffaf və elektron əsasda təşkil olunan hərraclar çərçivəsində həyata keçirilib. Valyuta hərracları həftədə bir neçə dəfə aparılıb, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilib. Hərrac bitdikdən sonra onun nəticələri haqqında məlumatlar mütəmadi qaydada ictimaiyyətə açıqlanıb.
Bildirilir ki, cari ilin birinci yarısında Mərkəzi Bankda ümumilikdə 63 valyuta satışı hərracı keçirilib. Tələb 28 hərracda təklifi üstələdiyi halda 35 hərracda tam qarşılanıb. Mərkəzi Bankda valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarı normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarında hərracdan kənar alğı-satqı əməliyyatlarının həcmi artmağa meyilli olub.