İQTİSADİYYAT
Bu ilin birinci yarısında Mərkəzi Bank 5 təlim təşkil edib
Bakı, 9 iyul, AZƏRTAC
Mərkəzi Bank bu ilin birinci yarısında hər biri iki mərhələdən ibarət olan "Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol" adlı müsabiqə xarakterli 5 təlim keçirib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, bankın təşəbbüsü ilə keçirilən və 150 tələbənin iştirak etdiyi bu təlimlərin birinci mərhələsindən uğurla keçənlər ikinci mərhələdə iştirak etmək hüququ qazanıblar. İkinci mərhələsini də müvəffəqiyyətlə başa vuran 71 tələbəyə sertifikat verilib. Eyni zamanda, tələbələrin CV-ləri və yekun test imtahanı üzrə balları internatura proqramında iştirak etmək imkanı qazanmaq üçün müvafiq bank-maliyyə qurumlarına təqdim olunub.
Bu günədək sözügedən layihənin 40 məzunu layihədə iştirak edən bank-maliyyə qurumlarında təcrübə proqramlarına cəlb olunub. Maliyyə maarifləndirilməsi istiqamətində hədəf qruplarından olan ümumtəhsil müəssisələrinin müəllim və şagird heyəti, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələrinin iqtisadi və maliyyə savadlılığının artırılmasına xüsusi önəm verən Mərkəzi Bank gələcəkdə də bu hədəf qrupları üçün müxtəlif tədbirlərin təşkilini nəzərdə tutur.
2017-ci ilin ikinci yarısının ilk təliminin isə avqustun 28–dan sentyabrın 6-dək keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Mərkəzi Bank və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən iqtisadi maarifləndirmə tədbirləri çərçivəsində 2015-ci ildən başlayaraq hər il ali təhsil müəssisələrinin III və IV kurs tələbələri üçün "Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol" adlı müsabiqə xarakterli təlimlər təşkil edilir.
Təlimlərin keçirilməsində məqsəd maliyyə savadlılığının gənclər arasında ictimai dəyər kimi tanınmasına nail olmaq, tələbələri bank-maliyyə sektorunun işi ilə yaxından tanış etmək, onlara karyera quruculuğu işində kömək göstərmək və bank-maliyyə qurumlarının təcrübə proqramlarına dəstək olmaqdır.