REGİONLAR
Bu ilin doqquz ayı ərzində Qaxda 209 nəfər işlə təmin olunub
Qax, 4 oktyabr, AZƏRTAC
Cari ilin 9 ayı ərzində Qax Rayon Məşğulluq Mərkəzinin köməyi ilə 209 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunub. Bundan əlavə, 33 nəfər peşə hazırlığı kursuna, 10 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub. İyulda keçirilən sonuncu əmək yarmarkasında isə 50 nəfər işə düzəlmək üçün göndəriş əldə edib.
Bu barədə AZƏRTAC-a rayon məşğulluq mərkəzindən məlumat verilib.
Məlumata görə, hazırda mərkəzdə 643 nəfər işaxtaran kimi qeydiyyatdadır. Onlardan 214 nəfərinə işsizlik statusu verilib, 43 nəfərə müavinət təyin edilib.
Əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə mərkəz tərəfindən müxtəlif tədbirlər, o cümlədən rayonda fəaliyyət göstərən müəssisə və təşkilat rəhbərlərinin, sahibkarların iştirakı ilə “Məşğulluğun təmin olunmasında sosial tərəfdaşların rolu” mövzusunda “dəyirmi masa” keçirilib.