REGİONLAR
Bu ilin doqquz ayında Naftalana gələn turistlərin sayı 15 faiz artıb
Naftalan, 15 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Naftalanda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətində keçirilən yığıncaqda idarə və müəssisələrin, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və iş adamları iştirak ediblər.
Əvvəlcə bir sıra idarə, müəssisə və təşkilatların hesabatları dinlənilib.
Sonra Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edib. Bildirilib ki, cari ildə şəhər üzrə ümumi məhsul buraxılışı 8 milyon 796 min manat olub. Sənaye məhsulunun istehsalı 0,4 faiz artaraq 1 milyon 294 min manat təşkil edib. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 11 milyon 701 min manat olub. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 14 milyon 900 min manata, kənd təsərrüfatı məhsulu istehsalı 1 milyon 390 min manata çatıb. Tikinti-quraşdırma işlərinə 1 milyon 385 min manat sərf olunub. Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 265,2 manat təşkil edib.
Vurğulanıb ki, şəhər iqtisadiyyatının əsasını təşkil edən turizm sektorunda da ciddi inkişaf qeydə alınıb. Belə ki, 2016-cı ilin doqquz ayında şəhərə gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artaraq 17200 nəfər olub. Onlardan da 3700 nəfəri xarici turistlərdir.
Beləliklə, cari ildə şəhərin gəlirləri 2 milyon 786,9 min manat, xərcləri isə 2 milyon 304,7 min manat təşkil edib. Gəlir üzrə daxilolmalar nəzərdə tutulduğundan 4,4 faiz artıq olub.
Sonda ayrı-ayrı idarə, təşkilat və müəssisə rəhbərlərinin təklifləri dinlənilib, qarşıda duran vəzifələrin həlli ilə bağlı tapşırıqlar verilib.