REGİONLAR
Bu ilin doqquz ayında Oğuzun 6 kəndi qazlaşdırılıb
Oğuz, 17 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
2016-cı ilin ötən dövrü ərzində Oğuz rayonunun 6 yaşayış məntəqəsi - Böyük Söyüdlü, Qarabulaq, Tərkeş, Dəymədağlı, Sincan və Xaçmaz kəndləri qazlaşdırılıb. Hazırda rayonun 34 yaşayış məntəqəsindən 25-i təbii qazla təmin olunub. Bundan əlavə, Xaçmazqışlaq kəndinə qaz xəttinin çəkilişi davam etdirilir.
Bu barədə AZƏRTAC-a Oğuz Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Rayon əhalisinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması sahəsində də işlər davam etdirilir. Cari ilin ötən dövründə 10 min kilovoltluq elektrik xəttində 158 ədəd metal dayaq quraşdırılıb, 3250 metr uzunluğunda yeni xətt çəkilib. Eyni zamanda, 0,4 kilovoltluq elektrik verilişi xəttində 385 ədəd yararsız dayaq yenisi ilə əvəzlənib, 9084 metr uzunluğunda yeni kabel xətti çəkilib, 250 kilovat gücündə 7 transformator quraşdırılıb.