İQTİSADİYYAT
Bu ilin ilk 6 ayı ərzində respublikada 181,1 kilometr yol tikilərək yenidən qurulub, əsaslı təmir olunub VİDEO
Bakı, 4 sentyabr, AZƏRTAC
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də 2015-ci ilin altı ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib. İclas iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
“Azəryolservis”in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC-nin sədr vəzifəsini müvəqqəti icra edən Saleh Məmmədov ötən illərdə olduğu kimi cari ilin 6 ayı ərzində də cəmiyyət tərəfindən ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi və yeni yolların salınması ilə bağlı layihələrin uğurla davam etdirildiyini qeyd edib.
Vurğulanıb ki, bu gün beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, yerli əhəmiyyətli, rayon və kənddaxili yolların müasir səviyyəyə çatdırılmasına xüsusi diqqət verilir.
Cari ilin son 6 ayı ərzində Prezident İlham Əliyevin göstərişinə əsasən, “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində xeyli iş görüldüyünü bildirən S.Məmmədov, 2015-ci ilin yanvar-iyun ayları ərzində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən 181,1 kilometr yolun tikilib yenidən qurulduğunu, əsaslı təmir olunduğunu, həmçinin 10 yeni körpünün inşa edildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, “Bakı-2015” I Avropa Oyunlarının keçirilməsi ilə bağlı “Azəryolservis” ASC tərəfindən görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə Bakı şəhəri üzrə son 6 ayda təmir və bərpa edilmiş, yenidən qurulmuş avtomobil yollarının ümumi uzunluğu 62,9 kilometrdir. Bakı şəhərində 4 körpü və tunel, 7 yerüstü və yeraltı piyada keçidləri də inşa edilib. Həmçinin yolların kənarlarında 49 min 523 ədəd ağac və dekorativ kol bitkiləri əkilib.
Tədbirdə çıxış edənlər zəngin potensiala malik Azərbaycanda yol infrastrukturunun inkişafının ölkənin əsas prioritetlərindən birinə çevrildiyini vurğulayıblar. Həmçinin bildirilib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də məhz yol infrastrukturunun inkişaf etdirilməsi olub.
Sonda “Azəryolservis” ASC tərəfindən cari ilin yanvar-iyun ayları ərzində görülmüş işlərə həsr olunan hesabat filmi nümayiş etdirilib.