DÜNYA


Bu ilin ilk yarısında Aralıq dənizində iki mindən çox qaçqın həyatını itirib

Cenevrə, 23 iyun, AZƏRTAC

Bu ilin ilk yarısında Aralıq dənizində iki mindən çox qaçqın həlak olub. Bu barədə mərkəzi qərargahı Cenevrədə yerləşən Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb. Aralıq dənizində itkin düşən və ya həlak olan 2108 qaçqından 2011 nəfəri Liviya və İtaliya arasındakı mərkəzi dəniz yolu üzərində həyatını itirib.

Məlumatda, həmçinin bildirilir ki, ötən ilin müvafiq dövründə Aralıq dənizində həlak olan qaçqınların sayı 2911 nəfər olub. Bununla da ardıcıl olaraq dördüncü ildir ki, Aralıq dənizində həlak olanların sayı iki min nəfərdən çoxdur.

Dəniz yolu ilə Avropaya pənah aparan qaçqınların sayı bu ilin ilk yarısında 84 min nəfərə yaxın olub. Onların əksəriyyəti İtaliya (təxminən 72 min nəfər) sahillərinə yan alıb, kiçik hissəsi isə Yunanıstanda (8363 nəfər) və İspaniyada (3314 nəfər) sığınacaq tapıb.

Dəniz yolu ilə Avropaya qaçqın axınında nisbətən azalma da müşahidə edilib. Belə ki, keçən ilin ilk yarısında dəniz yolu ilə Avropaya üz tutan qaçqınların sayı 216 min nəfər idi. Yunanıstan sahilləri istiqamətində hərəkət edən qaçqınların əksəriyyəti Suriya vətəndaşları, Liviyadan İtaliya istiqamətində hərəkət edən qaçqınlar isə əsasən Nigeriya, Eritrea və Qvineya sakinləridir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.